Şimali Afrika və Yaxın Şərq hadisələrinin Azərbaycanda təkrarlanması üçün heç bir sosial-siyasi şərt mövcud deyil – TƏHLİL

30 Mart 2011 04:26 (UTC+04:00)
Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanda bütün sahələrin paralel istiqamətdə inkişaf etməsi, dövlətin diqqəti və qayğısı vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə zəmin yaradıb. Uğurla həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan son illərin ən sürətlə inkişaf edən dinamik ölkəsinə çevrilib. Yürüdülən neft strategiyası, qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət siyasəti nəticəsində vətəndaşlarımızın sosial problemləri öz həllini tapıb, bununla yanaşı, ölkəmizin bütün regionlarında abadlıq, sosial inkişafa yönəlik tədbirlər həyata keçirilir. Digər tərəfdən, ölkəmizin əldə etdiyi iqtisadi uğurlar siyasi müstəvidə də üzləşdiyimiz problemlərin həllinə öz töhfəsini verir.
Təsadüfi deyil ki, Azərbaycan dövlətinin yürütdüyü uğurlu enerji siyasəti bu gün ümummilli problemimiz olan Dağlıq Qarabağın da düşmən tapdağından azad olunması istiqamətində apardığımız siyasətə dəstək verir. Məhz ölkəmizin dünyanın enerji təhlükəsizliyi məsələsində oynadığı uğurlu rol Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana aşkar diplomatik üstünlüklər qazandırıb. Bununla yanaşı, iqtisadi uğurlarımız həm də müharibə vəziyyətində olan ölkə qismində ordumuzun inkişafında mühüm rol oynayıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanın dövlət büdcəsindən hərbi-müdafiə xərclərinə ayrılan vəsaitin torpaqlarımızı işğal edən Ermənistanın dövlət büdcəsinin həcmi qədərində olması dövlətimizin yürütdüyü siyasətin düşünülmüş və kompleks olduğunu bir daha sübut edir. Bu gün, danışıqlar prosesini öz qeyri-konstruktiv mövqeyi ilə pozmağa çalışan Ermənistan Azərbaycanın ordusunun, hərbi sənayesinin gücləndiyini görür və belə olan halda ərazi bütövlüyümüzün təmin olunması istiqamətində aparılan fəaliyyətin yaxın dövrdə öz bəhrəsini verəcəyinə də inam artır. Məhz siyasi sabitlik, ölkədə vətəndaş birliyinin yaradılması, demokratik ənənələrin təşəkkül tapması Azərbaycanın qeyd olunan iqtisadi-siyasi uğurlar əldə etməsinə zəmin yaradıb.
Amma təəssüf ki, ölkəmizdəki siyasi sabitliyi, iqtisadi inkişafı gözü götürməyən və bu inkişafın qarşısını almağa çalışan, Azərbaycanın müstəqil xarici siyasət kursu yeritməsinə mane olmaq istəyən maraqlı xarici qüvvələr də mövcuddur. Belə qüvvələr ölkəmizdə qarışıqlıq, xaos yaratmağa çalışırlar. Amma onların arzuları hər zaman olduğu kimi, yalnız arzu olaraq qalır.
Xarici maraqlı qruplar bir sıra ölkələrdə baş verən hadisələrdən "ruhlanaraq" və maraqlı xarici dairələrin təlimatı ilə ölkədə yalan məlumatlar yaymaqla, vətəndaşlar arasında çaşqınlıq yaratmağa cəhd göstərir. Əslində, bu qüvvələr üçün ölkənin, vətəndaşlarının həyatı maraqlı deyil. Amma unudurlar ki, bu gün Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycandan çox fərqlidir.
Məhz hazırki müxalifətin iqtidarda olduğu illər Azərbaycanda xaosun və vətəndaş qarşıdurmasının hökm sürdüyü zaman kəsiyi kimi yadda qalıb. Hakimiyyətdə təmsil olunan ayrı-ayrı qruplaşmalara xidmət göstərən hərbi qüvvələrin separatçı addımları, cəbhə xəttindən çəkilməsi Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Məhz bu addımlar, erməni silahlılarının Azərbaycanın torpaqlarını işğal etməsinə səbəb oldu. Bu gün yenidən xarici maraq dairələrinə işləyən, erməni dəyirmanına su tökən bu qüvvələr müharibə vəziyyətində olan Azərbaycanda vətəndaşlar arasında çaşqınlıq yaratmağa çalışır.
Sevindirici haldır ki, xalqımız onların bu təxribatına getmir, bu qüvvələrin əsil niyyətlərini anlayır və onlardan birmənalı şəkildə imtina edir. Bu isə, ölkəmizdə vətəndaş birliyinin mövcudluğunun, xalq-hakimiyyət birliyinin varlığının bir daha sübutudur. Xalqının, dövlətinin maraqlarının əleyhinə gedənlər isə artıq tarixə qovuşduqlarının fərqindədirlər və bu baxımdan onların əməlləri yalnız xalqdan qisas almaq kimi dəyərləndirilə bilər.
Düşünürük ki, bu gün Şimali Afrika və Yaxın Şərq hadisələrinin Azərbaycanda təkrarlanması üçün heç bir sosial-siyasi şərt mövcud deyil. Ona görə də, istər xarici, istərsə də daxili qüvvələrin ölkədə xaos yaratmaq cəhdləri boşa çıxacaq.