İspaniyada “Qloriya” fırtınası nəticəsində səkkiz adam həlak olub

22 Yanvar 2020 22:38 (UTC+04:00)

İspaniyada “Qloriya” fırtınası nəticəsində səkkiz adam həlak olub, dörd nəfər itkin düşüb. Ölkə hökuməti yaxın bir neçə saatda onların sayının artacağından ehtiyat edir.

SİA xəbər verir ki, dördüncü gündür İspaniyada tüğyan edən “Qloriya” fırtınası Aralıq dənizi sahillərinə güclü külək, leysan, habelə ölkənin bəzi rayonlarına qar gətirib. Sahildəki onlarca çimərliyi su yuyub aparıb. Kataloniyada dəniz del Ebro deltasındakı çəltik əkinlərini suya qərq edib. Bir neçə bələdiyyə “fəlakət zonası” elan etməyi planlaşdırır. Regiona ciddi iqtisadi ziyan dəyib. Kataloniyanın 100-dən çox bələdiyyəsində fırtına nəticəsində 30 minədək sakin işıqsız qalıb.

Valensiya hökuməti yanvarın 24-də fırtınanın ciddi ziyan vurduğu turizm istiqamətlərinə və daxili regionlara yardım haqqında çərçivə fərmanını təsdiq edəcək.

Araqonda təqribən 200 min sakin elektrik xətlərinin sıradan çıxması səbəbindən işıqsız qalıb. Əlverişsiz hava bölgə ərazisinin böyük hissəsini cənginə alıb.