Tural Museyibov: "Gəmilərin hərəkətinə məhdudiyyət qoyulmayıb"

22 Yanvar 2020 20:12 (UTC+04:00)

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun verdiyi xəbərə görə, Xəzər Dəniz Akvatoriyasında yanvarın 23-də cənub-qərb, qərb küləyinin sürəti 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyədək güclənəcək. 23-ü axşam isə küləyin şimal-qərb küləyi ilə əvəz olunacağı, 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyə çatacağı gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr olacaq.

Bildirmək istəyirik ki, Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur, limanlar açıqdır, gəmilərin giriş-çıxışına məhdudiyyət qoyulmayıb.

Vurğulayaq ki, Dövlət Dəniz Agentliyinin müasir avadanlıqlarla təchiz olunan Milli Mərkəzi təcrübəli kapitanlar tərəfindən idarə olunur. Gündəlik iş rejimində olduğu kimi fasiləsiz olaraq həyata keçirilən xidmət zamanı Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinə peşəkar kapitanlar tərəfindən nəzarət edilir.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə daim əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı tam diqqətdə saxlanılır. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Qeyd edək ki, Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir.

Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir