Xıdır Nəbi, Xıdır İlyas Xızırmış

22 Yanvar 2020 12:00 (UTC+04:00)

O, əbədi yaşar-mövcud,

Nuru tükənməz bəşərdir.

Onunçün yox ölçü-hüdud,

Xızır ölməz peyğəmbərdir.

O, əbədi axşam-səhər,

Çiçək açar diləklərdə.

Əməlləri verər bəhər,

Yaşar qəlbdə-ürəklərdə.

Ona vurğun hər el-oba,

Əbədilik var təbində.

Adı İlyas, Xıdır Baba,

Xıdır Nəbi, Xıdır Zində.

Elə kamil şəxsiyyət ki,

Həyatda yox ona əvəz.

Adları çox, nəhayət ki,

Bir adı da Xıdır Əlləz.

Bəşərin şərəf-vicdanı,

İnsanlığın namusudu.

Təbiətin ruhu-canı,

Dörd ünsürün hamisidi.

Odur zülmətlərə varan,

Dolanaraq dağı-daşı.

Dirilik suyu axtaran,

İskəndərə yol yoldaşı.

Abi-həyat bulağını,

Gözləri seçə bilmədi.

Xızır yudu yanağını,

İskəndər içə bilmədi.

Abi-həyat çeşməsindən,

Qarğalar da nuş elədi.

Sonra Xızır, sudan lütfən,

Çinar dibinə çilədi.

Həyat suyu içdiyindən,

Ömür sürməyi bacardı.

Qarğalar dimdiyində dən,

Uca çinar çox yaşardı.

Xıdır çox saf insan idi,

Ömründə olmamış kobud.

Töhfəsi də ehsan idi:

Hədik, qovurğa və qovud.

Valeh Məhərrəmli