"Yaxın günlərdə bülletenlərin çapına başlanacaq" - AÇIQLAMA

22 Yanvar 2020 11:36 (UTC+04:00)

"Mərkəzi Seçki Komissiyası artıq Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapı ilə bağlı addımlar atmağa başlayıb, yaxın günlərdə bülletenlərin çapına başlanacaq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər: "Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusi keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsində namizədlərin müəyyən qədəri öz namizədləriklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qism namizədliyini geri götürsə də, parlamentdə bir yerə 10-12 namizəd var. Fevralın 9-da səsvermə zamanı seçicilər bülletnlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər. 19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadır".