"Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda layihəyə start verilib - YENİLƏNİR

22 Yanvar 2020 11:20 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb. SİA-nın verdiyi xəbərə görə, layihənin gerçəkləşdirilməsində başlıca məqsəd 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir.

Yanvarın 22-də Bakı şəhərində Bulvar hoteldə baş tutan layihənin açılışı və ilk seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun giriş nitqi ilə başlayıb.

Sonra tədbirdə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış ediblər.

Gündəliyə uyğun olaraq, açılış nitqlərindən sonra tədbir Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsindən olan təmsilçilərin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Milli Məclisə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə icraat" mövzularında təqdimat və çıxışları ilə davam edib.

Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirak etdiyi tədbirin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd etmək lazımdır ki, seçki mübahisələrinin həllinə həsr olunan növbəti regional seminar-müşavirələrin paralel olaraq eyni vaxtda - yanvarın 24-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.