"Davosda ekspertlərin xəbərdarlıqları da müzakirə olunacaq" ÖZƏL-MÖVQE

22 Yanvar 2020 10:10 (UTC+04:00)

“Hər il olduğu kimi Davosda iqtisadi forum öz işinə başlayıb. Müxtəlif dövlətlərin liderləri, nazirlər, siyasi və istisadi ekspertlər, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri İsveçrənin kurort şəhərinə toplaşıblar. Adından da göründüyü ki, Davosda əsas müzakirə mövzusu dünyadakı iqtisadi vəziyyət və yeni layihələr olacaq". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Forum öncəsi ABŞ-la Çin arasında ticarət anlaşmasının imzalanması dünya dövlətlərini bir az rahatladı: "Çünki, iki böyük dövlət arasında ticarət müharibəsindən çoxları əziyyət çəkirdi. Buna baxmayaraq, Davosda bir qrup iqtisadi ekspertin dünyanı gözləyən növbəti iqtisadi böhran haqqında xəbərdarlıqları da müzakirə olunacaq.

Davosda siyasi proseslər, regional münaqişələr və onların həlli yolları barədə də fikir mübadiləsi aparılır, bu mövzuda panellər keçirilir. İranın xarici işlər naziri Cavad Zərifi dəvət olunmasına baxmayaraq, Davosa getməkdən imtina etdi. Çünki, Avropanın 3 aparıcı dövləti – Böyük Britaniya, Fransa və Almaniya uranı yenidən zənginləşdirməyə başladığına görə İrana qarşı sanksiyalar haqqında düşünürlər. Belə olan halda Zərifi Davosda nə danışa bilərdi? Azərbaycan Prezidenti İlham Əliyevin də hər il olduğu kimi Davosda çıxışları və müzakirələrdə iştirakı planlaşdırılır”.