"Azərbaycanda başladılan çoxşaxəli islahatlar ölkəmizi dünyada önəmli aktora çevirib" Bəhruz Quliyev

21 Yanvar 2020 17:03 (UTC+04:00)

Baş redaktor Prezident İlham Əliyevin Davos Forumunun rəsmi saytındakı məqaləsini şərh etdi

"Bildiyimiz kimi, Davos İqtisadi Forumu dünyanın nüfuzlu siyasətçilərini, iş adamlarını müxtəlif ictimai və iqtisadi təşkilatları, böyük korporasiya və holdinqləri, həmçinin bank sektorlarını bir araya gətirən çox önəmli platforma kimi tanınır və Azərbaycanın bu Forumdakı iştirakı daim maraqla izlənilir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsinin yerləşdirilməsini, sözügedən məqalədəki fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada artan yeri və rolunun, həmçinin nüfuzunun, söz sahibi olmasının məntiqi nəticəsidir ki, Forumun saytında cənab İlham Əliyevin məqaləsinə geniş yer verilib, eyni zamanda bir sıra mühüm məqamlar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. SİTAT: "Əbəs deyil ki, Prezident İlham Əliyev məqaləsində artıq 14-cü dəfədir ki, Davos Forumunun İllik Toplantısında iştirak etdiyini xatırladır və söz yox ki, bütün görüşlərdə bir çox siyasət, biznes adamları, nəhəng şirkət rəhbərləri ilə onlarla görüşlər keçirilib, Azərbaycanın potensialı ən yüksək səviyyədə tərənnüm olunub. Məhz bu məqalədə də bir sıra mühüm nüanslar ətrafında diqqətçəkici faktorlar ehtiva olunmaqdadır. Xüsusilə, ölkə başçımızın Azərbaycanda başladılan çoxşaxəli islahatlar barədə dolğun məlumat verməsi, ölkəmizin sərmayəçi olmaqla yanaşı, həm də investisiyaları cəlb etməyə imkanlar yaratması ətrafındakı fikirlərindən belə bir nəticə hasil etmək olar ki, 2007-ci ildən ötən 2019-cu ilə qədər ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb".

"Yeri gəlmişkən, bu gün dinamik inkişaf xəttini tutan Azərbaycan Respublikasının adı bir sıra nüfuzlu araşdırma hesabat mərkəzlərində çəkilir və artıq ənənəyə çevrilib", deyən siyasi ekspert buna misal olaraq, ölkəmizin "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınmasını, eləcə də dövlət başçımız tərəfindən məqaləsində xatırlatmasını da qeyd edib, o cümlədən, Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə artmasını və s. amilləri də diqqətə çatdırıb: "Əlbəttə ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən, qətiyyətlə reallaşdırılan strategiyadır. Demək olar ki, bütün sahələr üzrə - nəqliyyat, logistika, turizm, yol infrastrukturu, liman xidmətləri və s. istiqamətlərdə əldə edilən uğurlar yaxın gələcəkdə növbəti uğurların əldə edilməsinə impulslar verir. O da əbəs deyil ki, dövlətimizin başçısı Forum çərçivəsində əməkdaşlığın nəticəsi olaraq, rəsmi saytda yerləşdirilən məqaləsində Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli aktora, beynəlxalq nəqliyyat qovşağına çevrildiyini vurğulayıb. Əlbəttə ki, BTQ dəmir yolunun istifadəyə verilməsi, Xəzərdə ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi də qeyd edilən əhəmiyyətli məqamlar sırasındadır".

"Söz yox ki, biz burada Azərbaycanın enerji layihələrində regional və beynəlxalq statuslara malik olmasını da unutmamalıyıq", deyən baş redaktor bildirib ki, artıq bu gün ölkəmiz nəinki Avropanın eləcə də dünyanın enerji təminatçısı, eyni zamanda təhlükəsizliyi istiqamətində vacib ölkələrdən hesab edilir".

Baş redaktor "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması, "Şahdəniz-2", Cənibi Qfqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri , TANAP və TAP layihələri barədə də danışaraq qeyd edib ki, bu nəhəng işlərin həyata keçirilməsi arxasında düşünülmüş strategiya ilə yanaşı, həm də iradə gerçəkliyi dayanır: "Bu baxımdan da deyə bilərik ki, cənab İlham Əliyev özünün "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsində ölkəmizin Dünya İqtisadi Forumu ilə bundan sonra da fəal və səmərəli əlaqələri ən yüksək şəkildə davam etdirəcəyini, bu platformada əməkdaşlığın inkişaf etdiriləcəyini və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləyəcəyini vurğulayıb".

Bəhruz Quliyev sonda Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər və münbit nəticələr barədə də danışaraq bildirib ki, dövlət başçımız həmin görüşlərində ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini qeyd edib: "Bütün bunların nəticəsidir ki, Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr davamlı olaraq reallaşdırmaqdadır. Bu kimi uğurlu danışıqlar, baş tutan görüşlər həm də ölkəmizin iqtisadi olmaqla yanaşı, həm də siyasi mövqeyinin daha da güclənməsinə öz töhfələrini verməkdədir".