Merkel riskli oyun oynayır

21 Yanvar 2020 16:34 (UTC+04:00)

Macarıstan mətbuatı bu günlərdə Almaniyada keçirilmiş Liviyada vəziyyətə dair beynəlxalq konfransın yekunlarını yüksək qiymətləndirir. Məsələn, “Nepsava” qəzeti qeyd edir ki, federal kansler Angela Merkel Liviyada qarşıdurma vəziyyətində duran tərəflərin, habelə bu işdə marağı olan dövlətlərin liderlərini Almaniya paytaxtına dəvət etməklə ciddi riskə gedib və öz üzərinə böyük siyasi məsuliyyət götürüb. SİA xəbər verir ki, bu barədə məlumat qəzetin birinci səhifəsində dərc edilib. Redaktorun fikrincə, Merkelin məqsədi Liviyanın növbəti “Suriyaya” çevrilməsinin qarşısını almaq idi. Konfransın uğurla başa çatacağına təminat yox idi, lakin Merkelin “va-bank” gedişi özünü doğruldub: tərəflər müvəqqəti də olsa atəşkəs barədə razılığa gəliblər.

Xatırladaq ki, liderlər münaqişə aparan tərəfləri silahla təchiz etməmək barədə razılıq əldə ediblər.

Qəzet yazır ki, indi Almaniya Liviya münaqişəsinin nizamlanmasında lider rolunu öz üzərinə götürüb, bunun isə müvafiq nəticələri olacaq. Müəllif hesab edir ki, Merkel və onun varisləri Liviyada sülhyaratma prosesində liderlik rolunu qoruyub saxlamalı olacaqlar. Məqalədə deyilir: “Liviya ərazisində vahid dövlət yaradılması təkcə Berlinin prestijinin artırılması üçün zəruri deyil. Almaniya özü maraqlıdır ki, Liviya Suriyanın taleyini təkrar etməsin və hələlik buna nail ola bilir”.