Erməni fermerlər İrəvan-Ararat yolunu kəsdilər

21 Yanvar 2020 13:37 (UTC+04:00)

Hökumətin iribuynuzlu və kiçikbuynuzlu heyvanların yalnız xüsusi ayrılmış qəssabxanalarda kəsliməsi ilə bağlı verilən qərarından sonra, heyvandarlıqla məşğul olan fermerlər sözügedən qərara qarşı bir neçə gündür ki, etiraz aksiyaları keçirirlər. SİA panorama.am-a istinadən xəbər verir ki, fermerlər bu dəfə İrəvan-Ararat avtomagistral yolunu kəsərək, etirazlarını davam etdirirlər.

“Ermənistanın müxtəlif vilayətlərindən yığışan fermerlər əvvəlcə hökumət binasının qarşısında aksiya keçiriblər, lakin onları bir neçə gündə kimsə qəbul etməyib və heç kim də binadan onların yanına getməyib”, yazan erməni portalı əlavə edib ki, artıq dünən, yanvarın 20-də onlar Ermənistanın vilayətlərində yolları bağlayacaqları ilə bağlı qərar qəbul ediblər.

Heç kim bizim yanımıza düşmədi və deyən olmadı ki, havayı yerdə burada dayanıb özünüzü dondurmayın, onsuz da yanınıza kimsə enməyəcək, görüşməyəcək. Xalqı heç nə yerinə qoyublar. Bu gün biz yolu kəsmişik ki, sizə müraciət edək”, etiraz aksiyası iştirakçıları nəhayət onlarla görüşə gedən Ararat vilayətinin qubernatoru, həmin vilayətdən deputat seçilmiş Qarik Sarkisyana deyiblər.

“Bizə dəstək olmaq yerinə... Məgər banklar gözləyəcəklər ki, bizi qara siyahıya salmasınlar? Biz öz məhsulumuzu pula çevirə billmirik”, aksiyaçılardan biri bildirib.

Qubernator baş nazirin müşaviri ilə görüşdüyünü desə də, etirazçılar “Bəs bu 20 günü harada idiniz?”sualını veriblər. Məsələnin köklü həll olunmayacağı halda, onlar İrəvan-Ararat yolu ilə yanaşı, digər vilayətlərdə də yolları bağlayacaqlarını, həmçinin hava limanına aparan yolu da kəsəcəklərini bildiriblər.