Gənclər təşviş içindədir: dünya müharibəsi başlaya bilər

21 Yanvar 2020 13:02 (UTC+04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) apardığı araşdırmalara görə 1981-2000-ci illərdə doğulan "Minilliyin nəsli" adlandırılan gənclərin əksəriyyəti növbəti 10 ildə nüvə hücumu olması ehtimalından narahatdırlar.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BQXK tərəfindən 16 ölkədə yaşayan 16 min gənc arasında dünyada baş verən münaqişələr barədə sorğu aparılıb.
"Gənc nəsil müharibə haqqında" başlıqlı sorğunun nəticələrindən belə məlum olub ki, 20-35 yaşlı gənclərin 54 faizi növbəti 10 ildə nüvə hücumu olacağından qorxurlar.
Sorğuya qatılanların 47 faizi Üçüncü Dünya Müharibəsinin baş verə biləcəyini ehtimal etsələr də, 46 faizi tam əksini söyləyib.
Gənclərin 74 faizi dünyada baş verən münaqişələrin qarşısını almağın mümkünlüyünü, 23 faizi isə bunun qaçınılmaz olduğunu söyləyib.
Onların fikrincə, dünya əhalisinin ən böyük problemləri siyahısında korrupsiya, işsizlik və yoxsulluq öndə gəlir.

BQXK-nin prezidenti Peter Maurer mövzu ilə bağlı açıqlamasında "Minilliyin nəsli"nin gələcək üçün narahat olduğunu söyləyib. O bildirib ki, bu nəsil bizim sabahımızdır. Onların bugünkü münaqişələr haqqında fikirləri və narahatlıqları dünyanın gələcəyini yaxşıya doğru dəyişə bilər.

Qeyd edək ki, BQXK-nin veb saytında yayımlanan bu sorğu 2019-cu ilin iyun-oktyabr ayları arasında keçirilib.

Mirqəmər Mənsimova