"Human Rights Watch" – qərəz və şantaj təşkilatı ANALİTİK

21 Yanvar 2020 11:23 (UTC+04:00)

Bunu faktlar da sübuta yetirir

Məlum olduğu kimi, "Human Rights Watch” təşkilatı növbəti dəfə - bu dəfə parlament seçkiləri ərəfəsində Azərbaycanla bağlı qərəzə və böhtana söykənən hesabat yayıb. Ümumiyyətlə, Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, çoxşaxəli islahatların reallaşdırılması, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillərə söykənən inkişaf trayektroyasını genişləndirməsi bir sıra beynəlxalq qurumların, o cümlədən, "Human Rights Watch"ın zaman-zaman təşvişinə səbəb olub.

Bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər

Söz yox ki, bu qurumun “fəaliyyət prinsipi” bilavasitə inkişaf etmək qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətlənib və Azərbaycan bu sıralamada daim hədəfə götürülməkdədir. O da sirr deyil ki, "Human Rights Watch" kimi təşkilatlartın qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və zəngin erməni lobbisidir. Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər.

Çirkli pullar, siyasi korrupsiya hesabına "hesabatlar" yayan belə ikiüzlü qurumlara artıq inanan da yoxdur. Çünki onların hazırladıqları yalanla dolu hesabatlar, artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çoxdan ortaya qoyub. Məsələn, üzə çıxan və ifşa olunan məqamlardan biri də budur ki "Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir. Bu isə qurumun yalanlarını aşkar şəkildə üzə çıxarmış olur.

Bu təşkilat daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal və dağıdıcı siyasi partiyaların dırnaqarası əməyindən "faydalanır"

Digər tərəfdən, o da gizlin deyil ki, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan "Human Rights Watch" təşkilatı daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal və dağıdıcı siyasi partiyaların dırnaqarası əməyindən "faydalanır". Ona görə də, "Human Rights Watch" təşkilatı öz ciddiliyini itirib. Yəni qeyri-ciddi qurumlarla əlbir olan hər hansı bir təşkilatın ciddiliyindən söhbət gedə bilməz. Burada digər bir neçə məqamlara nəzər salaq. Məsələn, ölkə rəhbərliyinin davamlı şəkildə humanist addımlarına kölgə salmağa cəhd edən "Human Rights Watch" zaman-zaman iddia edib ki, Azərbaycanda hər il reallaşdırılan əfv fərmanları (burada müxtəlif cinayətlər törətmiş, vəzifə səlahiyyətlərinə aid olmayan qanunsuzluqlara yol vermiş jurnalistlər nəzərdə tutulub) sən demə, "ədalətli" hal deyilmiş (?!-R.N.) Belə bir “hesabat” ötənlərdə verilmişdi. Lakin maraqlıdır, əgər həqiqətən də, belədirsə, bu zaman nəyə görə həmin təşkilat Qərbdə müxtəlif xüsusi xidmət orqanları tərəfindən təqib olunan jurnalistlərin hüquqlarının müdafiəsinə qalxmır? Əgər bu qurum bu qədər ədalətsevərdisə, fəaliyyət göstərdiyi məkandan minlərlə km aralıdakı hadisələri deyil, Qərbdə - burnunun ucunda yaşanan qeyri-insani davranışlara, anti-demokratik meyillərə hesabat hazırlayardı.

Ümumiyyətlə, "Human Rights Watch"ın Azərbaycanla bağlı hesabatı heç nəyi dəyişməyib və həmin çirkin ənənə davam edir. Radikal dini terrorçuları, məişət cinayətləri törədən "müxalifətçiləri", daha kimləri və kimləri ortaya ataraq, onların adlarını "siyasi məhbus" qoyan bu qərəzli və siyasi həyasızlıq tərənnümçüsü bəlkə də özü də öz "hesabatına" inanmır. Lakin inansa da, inanmasa da, fakt budur ki, "Human Rights Watch" adlı təşkilat ciddi qəbul edilmir və bu təşkilatın Azərbaycanla bağlı verdiyi qərarların da heç bir əhəmiyyəti olmayıb, yoxdur və olmayacaq da...

Rövşən NURƏDDİNOĞLU