Ermənistanda dövlət çevrilişinə cəhd olubmu? ANALİTİK

21 Yanvar 2020 10:44 (UTC+04:00)

Hakimiyyət bir, MTX isə fərqli iddiadadır

Son günlər Ermənistanın ictimai-siyasi rəyinin ən çox danışdığı mövzu Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəhbəri Artur Vanetsyanın quruma rəhbərlik etdiyi zaman dövlət çevrilişi planı üzərində işləməsi barədədir. Belə ki, bu məsələdə Vanetsyanı ən çox ittiham edənlər baş nazir Nikol Paşinyanın yaxın çevrəsidir. Halbuki, bir vaxtlar onun özü də Paşinyan ailəsinə ən yaxınlardan hesab olunurdu. İttihamlar isə müxtəlifdir. Misal üçün, onun hədəfi daxilində hakimiyyətdəki sorosçuların olması barədə bir sıra məlumatlar dolaşırdı.

Vanetsyan devrilmiş prezident Serj Sarkisyanın mövcud hakimiyyətə sızdırılmış emissarıdır və onun əsas hədəfi həmin hakimiyyəti daxildən yıxmaqdır?

Daha dəqiq desək, baş nazir də daxil olmaqla, onun və komandasının bilavasitə Soros Fondu tərəfindən maliyyələşməsi, həmin maliyyənin dəstəi ilə “məxməri inqilab” etməsi, indi isə, adıçəkilən fondun təlimatlarını icra etməsi iddiaları mövcuddur. O cümlədən, paşinyançılar indi də belə bir suçlama ilə çıxış edirlər ki, əslində A.Vanetsyan devrilmiş prezident Serj Sarkisyanın mövcud hakimiyyətə sızdırılmış emissarıdır və onun əsas hədəfi həmin hakimiyyəti daxildən yıxmaqdır. Hətta sabiq MTX rəhbəri uzun müddət Paşinyan ailəsində etibar qazanmağa belə nail olmuşdu. Sonradan isə gizli səsyazmalar, telefon danışıqları və s. kimi məsələlərin də üzə çıxması sözügedən iddia və ittihamların doğruluğuna dəlalət edirdi. Lakin sonradan həmin itithamlar aradan qaldırılmağa başladı. Təbii ki, Vanetsyanın istefası da bu kimi halların nəticəsi idi.

MTX sabiq direktoru müdafiə edir?

Ancaq onu da qeyd edək ki, bu gün Ermənistan MTX-si nə qədər qəribə görünsə də, sabiq rəhbərin dövlət çevrilişi planı hazırlamadığını, ümumiyyətlə, irəli sürülən iddia və ittihamların uydurma olduğunu bəyan edir. SİA news.am-a istinadən xəbər verir ki, MTX ölkənin digər saytı – politik.am-ın rəsmi müraciətinə cavab olaraq bildirib ki, bu quruna onun sabiq direktoru A.Vanetsyan tərəfindən dövlət çevrilişi cəhdi barədə məlumat daxil olmayıb.

Bu arada N.Paşinyanın daha bir yaxını, “Mədim addımım” parlament fraksiyasının deputatı Qraç Akopyan informasiya ganetliklərindən biri ilə söhbətində bəyan etmişdi ki, MTX-nın keçmiş direktoru Artur Vanbetsyan məhz dövlət çevrilişi cəhdinə görə işindən azad olunub və istefaya göndərilib. Ancaq hazırkı MTX rəhbərliyi Qraç Akopyanın da bəyanatını şərh edərək bildirib ki, həmin bəyanata cinayət xəbərdarlığı kimi baxıla bilməz.

“Od olmazsa, tüstü çıxmaz” reallığı...

Beləliklə, nəzərə alarsaq ki, hakimiyyətin güc strukturu hesab edilən MTX belə baş verənləri rəsmən təkzib edirsə, bu zaman həm də belə bir nəticəyə gəlmək olar ki, Paşinyanın hakimiyyətində ciddi parçalanma mövcuddur. Çünki onun yaxın ətrafının bir, MTX-nin isə digər fərqli münasibət sərgiləməsi də bu amili ehtiva edir. Hər halda, “od olmazsa, tüstü çıxmaz” reallığını da unutmayaraq, deyə bilərik ki, dövlət çeçvrilişinə cəhd olub, sadəcə Paşinyan və onun kopmandası buraxılan belə bir ciddi səhvi ictimai rəydən yayındırmağa çalışırlar. Ancaq nə vaxta qədər, bax bunu da çox yəqin ki, zaman özü göstərəcək.

Rövşən RƏSULOV