"Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır" Osman Gündüz

21 Yanvar 2020 10:39 (UTC+04:00)

Azərbaycanda keçirilən seçkilərdə texnologiyalardan səmərəli şəkildə istifadə olunur. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan “Seçkilər” İnformasiya Sistemi özünü doğruldub: “Seçkilərin avtomatlaşdırılması, virtual müşahidələrin aparılması, mərkəzi seçki administrasiyası ilə dairə seçki komissiyaları arasında kommunikasiyanın qurulması, seçki məntəqələrində veb-kameraların quraşdırılması kimi texnoloji yeniliklərdən səmərəli istifadə olunur. Artıq bu sahədə oturuşmuş sistem formalaşıb”.

O. Gündüz qeyd edib ki, seçki prosesində texnologiyalardan istifadə şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayır: “Veb-kameraların quraşdırılması seçkiyə müdaxilələrin qarşısını alır. Təcrübə təsdiqləyir ki, texnologiyanın tətbiqi seçki administrasiyasının işini xeyli asanlaşdırır və seçkilərin daha şəffaf və ədalətli keçirilməsində mühüm rol oynayır”.