Azərbaycanın Gürcüstandakı səfiri Marneuli rayonundakı şəhid ailələrinə baş çəkib

21 Yanvar 2020 08:44 (UTC+04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədən olan 20 Yanvar şəhidlərinin ailələrinə və yaxınlarına diqqət və qayğı göstərib.

SİA xəbər verir ki, səfirlik 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində yanvarın 20-da azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində şəhid İsmayıl Mursaqulovun ailə üzvləri və yaxınları ilə görüşüb.

Səfir Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Ağsaqqallar Şurasının sədri İsak Növruzov, professor Mahmud Kamaloğlu, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə şəhidin adına verilmiş küçədə olub, insanlarla söhbət ediblər. Kənd əhalisi şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

Şəhidin ailə üzvləri ilə görüşdə bildirilib ki, kimyaçı alim olan İ.Mursaqulov 1990-cı il yanvarın 24-də qanlı yanvar hadisələri zamanı Bakıdan Sumqayıta həmkarları ilə birlikdə işə gedərkən Sovet hərbiçilərinin vəhşiliyi nəticəsində ağır zədə alıb və fevralın 3-də vəfat edib. O, Şəhidlər xiyabanında dəfn olunub. Səfir Dursun Həsənov Azərbaycan Prezidentinin şəhid ailələrinə diqqət və qayğısından söz açıb, Gürcüstandan olan 20 Yanvar şəhidlərinin bu qayğıdan kənarda qalmadığını bildirib. Şəhidin ailəsinə humanitar yardım göstərilib.

Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlıq ediblər. Sonra səfir və nümayəndə heyəti Marneuli rayonunun Kirac-Muğanlı kəndində şəhid Vəfadar Eminovun ailəsinə baş çəkiblər. Burada da şəhidin ailəsinə yardım göstərilib, onun ailə üzvləri və kənd ağsaqqalları ilə görüş keçirilib.

Bildirilib ki, 1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olan Vəfadar Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyub və 1 nömrəli tikiş fabrikində fəhlə işləyib. Yanvarın 21-də sessiya imtahanını verərək Qədirli adına xəstəxanaya gedib, yaralılara qan verib. Xəstəxanadan çıxıb "Olimp" mağazasına tərəf piyada gedərkən güllələnib. Şəhidlər xiyabanında dəfn olunub. Söhbət zamanı şəhidlərin heç zaman unudulmayacağı bildirilib.