Çində yayılan koronavirusun insandan insana keçməsi faktı təsdiqlənib

21 Yanvar 2020 00:26 (UTC+04:00)

Çində yayılan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) insandan insana keçməsi faktı təsdiqlənib.

SİA xəbər verir ki, bu günədək Çində 198 nəfərin yoluxduğu və 3 nəfərin ölümünə səbəb olan yeni koronavirusun insandan insana keçməsi faktını Çin Milli Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu aşkarlayıblar. Qrupun rəhbəri Con Nanşan bildirib ki, Şencen şəhərinin iki sakini məhz bu yolla virusa yoluxub.

Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş epidemiloqu Cen Quan lazımi tədbirlər görüləcəyi halda yeni koronavirus epidemiyasının dayandırıla biləcəyini deyib.

Artıq ABŞ, Cənubi Koreya da daxil olmaqla bir neçə ölkənin beynəlxalq hava limanlarında Çindən gələn sərnişinlərin koronavirusa yoluxma ehtimalını müəyyən etmək üçün onların tibbi yoxlanışına başlanılıb. Sərnişinlərin bədən hərarəti yoxlanılır və onlara koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin simptomları barədə suallar verilir. Şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan yeni il bayramı ilə əlaqədar Çində səyahət mövsümünün başlaması nəzərə alınaraq, Uxandan digər şəhərlərə səyahət edən sərnişinlərin də tibbi yoxlanışı həyata keçirilir.

Qeyd edək ki, dekabrın son günlərində Çinin Uxan şəhərində aşkarlanan yeni virusa yoluxma halları artıq paytaxt Pekin və ölkənin cənubundakı Şencen şəhərində də qeydə alınıb. Bundan başqa, Çindən Cənubi Koreyaya səfər edən bir Uxan sakinində də bu virusa yoluxma aşkarlanıb.

Koronaviruslar sətəlcəmdən tutmuş yüzlərlə insanın ölümünə səbəb olmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərin yaranmasına əsas olan böyük bir virus qrupudur. Xəstəliyin klinik əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur.

Dünya Səhiyyə Təşkilatı Çinin Uxan şəhərinə səyahət edənləri diqqətli olmağı tövsiyə edib.