Şəhidlərin xatirəsinə həsr olunan beynəlxalq karate turniri başa çatıb

20 Yanvar 2020 15:23 (UTC+04:00)

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başa çatıb. SİA-nın məlumatına görə, yekun nəticəyə əsasən “Qara Qaplan” klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. “Arpaçay” klubu 12 qızıl, 9 gümüş və 12 bürünc medalla ikinci, “Pashayev” (Ukrayna) klubu 7 qızıl, 4 gümüş və 15 bürünc medalla üçüncü yeri tutublar.

Uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkəni - İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və Azərbaycanı təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Yarışı milli hakimlərimizlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.