Qorbaçov niyə həbs olunmalıdır? - CİNAYƏT VƏ CƏZA

20 Yanvar 2020 14:17 (UTC+04:00)

Qanlı Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 30 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Bəs bu günahsız, suçu yalnız ədalətsizliyə, təcavüzə qarşı çıxan, torpaqlarımıza göz dikən ermənilərin işğalçılıq əməllərinə mərkəzi hökumətdən "dur" deməyi istəyən Azərbaycan vətəndaşlarını gülləbaran edənlərə əmr verən kim idi? Bəli, bütün şəhadət barmaqları Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçovu göstərir. Kremldəki, o vaxtkı müttəfiq respublikalardakı, üstəlik DTK-dakı (KQB) mənbələr əmrin birincidən gəldiyini deyir. Görəsən, mərkəzi hakimiyyət, xüsusən də Qorbaçovun yaxın ətrafı müttəfiq respublikalara - Litvaya, Gürcüstana, Azərbaycana ordu yeritməklə, insanları qətlə yetirməklə kimə və nəyi sübut etmək istəyirdilər? Əgər Kremlin hələ də vəziyyətə nəzarət etdiyini bildirmək istəyirdilərsə, əksinə proses bir az da sürətləndi və ölkədə xaos yarandı. Yox, Qorbaçov SSRİ-nin qüdrətli olduğunu demək istəyirdisə, əksinə heç bir il tamam olmamış param-parça oldu.

Məsələ burasındadır ki, Qorbaçovu törətdiyi cinayətlərə görə təkcə Azərbaycan xalqı ittiham etmir, postsovet ölkələrinin hamısı onu dar ağacında görmək istəyir.

Züqanov: "Qorbaçovu cinayətkardır və həbs olunmalıdır"

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun yenidənqurmadan peşman olmaması barədə açıqlamasına sərt münasibət bildirib. Yerli KİV-ə açıqlamasında qeyd edib ki, Züqanov Qorbaçovun ölkəni parçaladığını, ölkənin-böyük gəminin sükanını sındırdığını qeyd edib.

Kommunistlərin rəhbəri vurğulayıb ki, SSRİ-nin keçmiş lideri, yenidənqurma ilə bağlı müqayisə aparmalı deyil, türməyə salınmalıdır: "O, sadəcə axmaq deyil, cinayətkardır! O, müddət məhdudiyyəti olmayan cinayət törədib!".

Putin: “Qorbaçovun dilini kəsmək lazımdır"

SSRI-nin ilk və son prezidenti Mixail Qorbaçov Rusiya Prezidenti Vladimir Putinin özünü Allahın müavini hesab etdiyini bildirib: “Mən ona özünü Allahın müavini hesab etdiyini deyəndə, bu, onu çox əsəbləşdirmişdi və cavabında “Qorbaçovun dilini kəsmək” lazımdır demişdi.

Yadıma gəlir, o, Qələbə günündə məni görməzlikdən gəlmişdi. Rejissor Oliver Stoun filmində Putindən niyə mənimlə görüşmədiyini soruşanda, o, məni görmədiyini bildirmişdi".

Qorbaçov Dağlıq Qarabağı necə satdı, SSRİ-ni necə dağıtdı?

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun hakimiyyətə gəldiyi ilk gündən ölkəni necə dağıtdığı barədə mətbuatda çoxlu faktlar işıq üzü görüb. Xüsusən də Dağlıq Qarabağın ermənilərə satılmasında Fransada erməni lobbisinin nümayəndələri ilə bazarlıq etməsinə dair danılmaz sübutlar var. Həmişə yanında gəzdirdiyi arvadı-katibəsi-kassiri Raisa Maksimovnanın hansı oyunlardan çıxdığını isə söyləmək artıqdır, hər kəsə bəllidir.

Maraqlıdır ki, Qorbaçovun SSRİ-ni məhv etmək planından Siyasi Büro üzvlərinin əksəriyyətinin, DTK sədri Kryüçkovun, müdafiə naziri marşal Yazovun, Qorbaçovun köməkçilərinin xəbəri olub. Hətta Yaponiyadan Cənubi Koreyaya səfəri zamanı bu ölkənin prezidenti Ru Deudan 100 min dollarlıq çek alması barədə Qorbaçovdan Büro üzvləri soruşanda o, "çek Boldinin otağındakı seyfdədir", deyə bildirib. Amma sonralar Cənubi Koreyanın prezidentindən alınmış 100 min dollarlıq rüşvət Raisa Maksimovnanın çantasında aşkarlanıb.

Sosial şəbəkələrdə yayılmış bu görüntülər Dağlıq Qarabağı ermənilərə satan və bununla da 30 ildir ki, regionu qan çanağına çevirən Mixail Qorbaçovun iç üzünü qismən də olsa aça bilir. Təəssüf ki, bu görüntülərdə adları keçən əksər nazirlərin etiraflarının gücü yalnız xatırlatmalara qədərdir. Çünki bundan sonra Qorbaçovu məhşər ayağına çəkməyin mənası da yoxdur. İttihamların gücü isə Qorbaçovu azca silkələməyə bəs edər, çünki onu bu oyuna gətirən güclər, onu qorumağı da, lap məhv etməyi də yaxşı bacarırlar.

"Yenidən qırma"nın banisi

"Cəhənnəmdə yan! Əclaf". Məhz bu sözlərlə sosial şəbəkə istifadəçiləri SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun "təbrik" edərkən deyiblər. Rusiyalı hərbi analitik İqor Korotçenkonun öz şəxsi "facebok" səhifəsində Mixail Qorbaçovun doğum gününə həsr edilmiş statusunun altında mənfi şərhlər üstünlük təşkil edib. İstifadəçi şərhlərində siyasətçiyə açıq nifrət hissi sərgilənib, ona ölüm arzulanıb.

Bütün bu yazılan şərhləri gördükdə bir daha əmin olmaq olar ki, sabiq prezidentdə nəinki Azərbaycanda, postsovet ölkərində, eləcə də Rusiyanın özündə də sonsuz nifrət hissi var.

Nə qədər qəribə səslənsə də qanlı hadisələrin səbəbkarı Nobel sülh mükafatına layiq görülən Qorbaçovu rusların yalnız on nəfərdən biri sevir. 2011-ci ildə Rusiyada keçirilən sorğu nəticəsində məlum olub ki, ölkə əhalisinin 47 faizi Mixail Qorbaçova "etinasız" yanaşır, 20 faizi ona nifrət edir, yalnız 10 faiz "hörmət"lə yanaşır. Respondentlərin 3/4-ü həmin dövrün hər hansı bir "nailiyyətlərini" xatırlaya bilməyib, onların 1/3-i Qorbaçovun təxribatı nəticəsində SSRİ-nin dağılmasına təəssüfləndiyini dilə gətirib.

Azərbaycan xalqının yaddaşında ən ağrılı-acılı hadisələrlə qalan bu siyasətçi yalnız nifrət hissi ilə xatırlanır. Bu "şəxsiyyətin" 1987-ci ildə erməni akademik Aqabekyanla sövdələşməsindən sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi məsələsi ilə də yaddaşlarda öz mənfi izini qoymağı bacarıb.

Məhz Qorbaçovun göstərişi ilə 1990-cı ildə Bakının küçə və meydanlarında öz azadlığını tələb edən sadə azərbaycanlılara qarşı Sovetin hərbi maşını işə düşərək zərbə əməliyyatı hazırlanıb. Daha sonra 137 şəhid, 744 yaralı, 800-ə yaxın qanunsuz həbs olunanlar və onlarla insanın itkin düşməsi ilə nəticələnən bütün bu yaşananları xalqımız unutmur və baiskarı nifrətlə anır.

Bəli, SSRİ-nin birinci və sonuncu prezidenti, 20 Yanvar faciəsinin səbəbkarı Mixail Qorbaçov həbs edilməli və layiq olduğu cəzanı almalıdır!