“Başqa şeydən danış” adlı 24 saatlıq studiya sərgisi açılıb

20 Yanvar 2020 13:11 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” Lab layihəsi çərçivəsində “Başqa şeydən danış” adlı 24 saatlıq studiya sərgisi açılıb. SİA-nın məlumatına görə, “YARAT” emalatxanalarında reallaşan layihənin üçüncü studiya təqdimatının başlanğıc nöqtəsi iştirakçıların üç ay müddətində apardıqları intensiv araşdırmalara əsaslanır. Maraq dairələri ilə bir-birindən kəskin surətdə seçilən iştirakçılar – faktlar, müsahibələr, ədəbiyyat, hekayələr və KİV məlumatları toplayaraq müasir incəsənətdə araşdırmanın yollarını, üsullarını və nəticələrinin təqdimatı üzrə işləmiş, həmçinin hər birinin individuallığını əks etdirən fərqli mövzuları bir araya gətiriblər. “Başqa şeydən danış” sərgisi, öncə qrup şəklində müzakirə olunan və təkmilləşən, transformasiyaya uğramış araşdırmaların vizual təqdimatıdır. Hər bir əsər, müraciət olunmuş mövzuya yeni və çoxlaylı nöqteyi-nəzərdən baxmağa və “başqa şeydən” danışmağa təşviq edir.

Əhməd Nəbiyev öz araşdırmasını Banin adı ilə tanınan azərbaycanlı milyonçu M.Əsədullayevin qızı, Parisdə mühacirət həyatı yaşamış Ümm əl-Banu Əsədullayevaya həsr edib. Rəssam Baninin xatirələr toplusu əsasında onun həyat və yaradıcılığını, eləcə də dövrün məişəti, ənənələri haqda informasiya toplayıb.

“Metamorfozlar” mövzusunu özünə yaxın bilən Murad Əkbərli avtobioqrafik eksperimentə çevrilmiş instalyasiyasında özündə və cəmiyyətdə baş verən dəyişiklikləri vurğulayır.

Ruslan Abbasov öz instalyasiyasını dünyaca məşhur şirkət və brendlərin hərbi müdafiə sənayesinə göstərdikləri dəstək mənbələrini araşdırmasına həsr edib.

Ağababa Bağırovun səs instalyasiyası sosial araşdırmanın nəticəsidir. Bu əsərdə Azərbaycanda mövcud ənənə, qayda və qadağalardan bəhs edilir. Rəssam real hadisələrə əsaslanaraq, lokal xarakterli əşyaların simvolikaları vasitəsilə öz fikirləri ilə bölüşür.

Rəna Bəşirova araşdırma mövzusunu Skandinav mifologiyası və zərdüştlükdə rast gəlinən “həyat ağacı” simvolunun etimologiyası və təcəssümü, eləcə də bu iki mədəniyyətlər arasında bu simvolun paralellərini əks etdirir.

Umay Abdullayeva əsərinin mövzusunu Azərbaycanda müxtəlif zorakılıqlarla əlaqələndirir. Bu mövzunun psixoloji momentlərini açıqlamaq üçün son zaman heyvanlara qarşı şiddətlənən zorakılıq üzərində fokuslaşır. Rəssamın fikrincə, heyvana xələl yetirə biləcək gənc/yeniyetmələrin psixoloji durumuna görə onlar gələcəkdə insan qətli də törədə bilər.

Nurseli Məmmədli öz araşdırmasını qədim dövrlərdən müxtəlif mədəniyyətlərdə mövcud olan magik ayin və tilsimlərə həsr edərək, Azərbaycanda bu deyimlərin folklora keçid etməsini və hətta bu gün həyatın ayrılmaz hissəsi olmasını bildirir.

Günel Axundlu studiya təqdimatı üçün yuxu ilə reallığın əlaqəsindən bəhs edən psixodelik film hazırlayıb. Onun tamaşaçıya verdiyi yeganə sual isə çox subyektiv olaraq, kimin üçün əsl reallığın nə olduğunu araşdırmaqdır.