Rusiya mətbuatı 20 yanvar faciəsindən yazıb

20 Yanvar 2020 12:32 (UTC+04:00)

"Pəncərələrə atəş açdılar, insanları öldürdülər". SİA xəbər verir ki, Rusiyaya məxsus mətbuat səhifəsi, daha dəqiq desək, qazeta.ru bu barədə yazır.

Mətbu orqan yazır ki, 30 il əvvəl Sovet qoşunları Bakıya girdilər. Millətlərarası qarşıdurma fonunda başlayan iğtişaşlara qarşı ordunun yatırılması çox böyük itki ilə nəticələndi və həmin gün "Moskva, əslində, Azərbaycanı itirdi."
Nəşr qeyd edir ki, SSRİ Silahlı Qüvvələrinin hava-desant bölməsinin komandiri general Aleksandr Lebedin rəhbərlik etdiyi sovet qoşunları yanvarın 20-də Azərbaycanın paytaxtına girdilər. Əməliyyat SSRİ Müdafiə naziri Dmitri Yazov tərəfindən koordinasiya edilirdi.
Həmçinin, vurğulanır ki, Qafqazşünas alim De Vaalın dediyinə görə, “tanklar barrikadalar arasından keçərək yollarında maşınları əzirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan insanlara atəş açırdılar, yaralıları vurur, öldürürdülər."

Bakıda baş verənləri izləyən və sonradan bu mövzu ilə ətraflı məşğul olan hüquq müdafiəçisi Svetlana Qannuşkina qazeta.ru-ya müsahibəsində, hərbçilər müdafiə etmək üçün deyil, döyüşmək, əhalini qırmaq üçün gəlmişdilər. Onlar quldurlara qarşı deyil, yerli əhaliyə qarşı amansızlıq edirdilər. Heç nəyə məhəl qoyulmurdu. Əsgərlər pəncərələrə də atəş açırdı, evlərində oturan insanları da öldürürdü.
Rusiyaya məxsus mətbu orqanı açıq şəkildə yazır və etiraf edir ki, Moskva ermənilərin proqramını həyata keçirərək Bakıya ordu yeridib. Qeyd edilir ki, həmin gün, yəni 20 yanvar gecəsi Sovet Ordusu bakıya qırğın törətmək üçün girmişdi və bir gecədə silahsız, dinc əhaliyə qarşı 60 min patron istifadə edilib.
Xatırladaq ki, 20 yanvar 1990-cı ildə Azərbaycanın paytaxına SSRİ qoşunları yeridilərək faciəvi bir qırğın törədib və günahsız, dinc əhaliyə qarşı amansızlıq nümayiş etdirib. Hadisə nəticəsində çoxlu sayda insan tələfatı olub. Paytaxt Bakıya yeridilən qoşun insanlara qarşı amansızlıq etməklə kifayətlənməyib. Bu hadisədə 200 ev və mənzil, təcili yardım maşınları da daxil olmaqla 80 avtomobil yandırılıb. Öldürülənlər arasında qadınlar, uşaqlar, qocalar, hətta təcili yardım əməkdaşları da olub. Şəhidlər paytaxtda Şəhidlər Xiyabanında dəfn edilib və böyük hörmət və ehtiramla hər an yad edilir.