Çində daha 136 nəfər koronovirusun indiyədək aşkar edilməmiş növünə yoluxub

20 Yanvar 2020 07:48 (UTC+04:00)

Çində daha 136 nəfər koronovirusun indiyədək aşkar edilməmiş növünə yoluxub, bu virusdan ölənlərin sayı isə 3-ə çatıb. Bununla da virusa yoluxanların ümumi sayı 198 olub.

SİA Uxan səhiyyə komissiyasına istinadla xəbər verir ki, ölən şəxslər şəhər sakinidir. Virusa yeni yoluxanlar 25-89 yaşlarında olan sakinlərdir. Onlardan 36-nın vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, virusa yeni yoluxma hallarından ikisi paytaxt Pekində və biri isə ölkənin cənubundakı iri şəhərlərdən olan Şencendə qeydə alınıb. Hər üç şəxsin bu yaxınlarda Uxanda olduğu müəyyən edilib.

Qeyd edək ki, koronoviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin klinik əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan-insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronovirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də bilinmir.