İstanbulda “Ağla qərənfil ağla” kitabının təqdimatı olub

18 Yanvar 2020 17:46 (UTC+04:00)

Yanvarın 18-də İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar dərc olunmuş “Ağla qərənfil ağla” kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, “Can Azərbaycan” media qurumu tərəfindən hazırlanan 64 səhifəlik kitabın “Ön söz”ün müəllifi sözügedən media qurumunun təsisçisi və rəhbəri, jurnalist Namık Kamal Yıldırımdır.

Kitabın təqdimat mərasimində “Qarabağ Azərbaycanındır” imza kampaniyası da keçirilib. Kampaniyaya imza atan hər kəsə kitab ödənişsiz təqdim edilib.

Nəşrdə SİA-nın icraçı direktoru Vəli Vəliyevin “Kanlı 20 Ocak onur ve kahramanlığın bir tarihi" məqaləsi yer alır.

Məqalədə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi, 20 Yanvar gecəsi baş verənlərlə bağlı xatirələr, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciənin dünyaya çatdırılması, hüquqi qiymət verilməsi və 20 Yanvar şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlər və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında fikirlər yer alır.

Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və media nümayəndələri iştirak ediblər.