Naxçıvan Qarnizonunda 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər təşkil edilir

18 Yanvar 2020 16:49 (UTC+04:00)

Naxçıvan Qarnizonu qoşunlarında 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciənin baş verməsinin səbəbləri barədə danışıblar. Bildirilib ki, bu gün hər bir azərbaycanlı 20 Yanvar tarixini müstəqillik mübarizəsində ən şərəfli günlərdən biri sayır, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir.

Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında siyasi qiymət verilib. Ali Məclisin “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” 1990-cı il 21 noyabr tarixli Qərarında ilk dəfə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.

Çıxış edənlər Prezident İlham Əliyevin 2019-cu il 13 dekabr tarixində “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamının şəhidlərimizin xatirəsinə böyük ehtiramın ifadəsi olmaqla yanaşı, faciənin gənc nəslə çatdırılması baxımından da əhəmiyyətli olduğunu vurğulayıblar.

Sonra Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Nərgiz uşaq bağçasının fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda hərbi-vətənpərvərlik mövzusunda videoçarx nümayiş olunub.