Milli Məclisdə Sabirabadımızın səsi olacağam! - Kamal Cəfərov - FOTOLAR

18 Yanvar 2020 16:19 (UTC+04:00)

Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən 63 saylı Sabirabad 1-ci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Kamal Cəfərov təbliğat-təşviqat kampaniyasına start verib. SİA-nın verdiyi məlumata görə, namizəd təbliğatına rayon ağsaqqalları ilə görüşdən başlayıb.

Sabirabad ağsaqqaları ilə görüşdə K.Cəfərov bildirib ki, ilk görüşü rayon ağsaqqalları ilə keçirməyin səbəbi var: "Çünki ağsaqqaları həmişə özlərindən çox rayonun problemləri narahat edir, rayonun inkişafında onların mühüm rolu olub. Ağsaqqalarımız çox şərəfli yol keçiblər. Onların hər bir addımında müdriklik var".

Deputatlığa namizəd çıxışında qeyd edib ki, ilk görüş çox uğurlu keçdi: "Rayon ağsaqqalları və seyidlər deyir ki, rayonumuz üçün kim çox çalışsa, can yandırsa, deməli o da sabirabadlıdır. Mən də öz növbəmdə onlara söz verdim ki, əgər mənə etimad göstərib səs versələr, fəal deputat olacağam, ən əsası sabirabadlı adına layiq olmağa çalışacam. Milli Məclisdə Sabirabadımızın Səsi olacağam. Hamımıza xeyirli-uğurlu olsun".

Kamal Cəfərov deyib:

"Bu müddət ərzində rayonumuzun sosial-iqtisadi vəziyyətini öyrəndim, problemlərini araşdırdım, dairəmdə olan 19 kənddə vəziyyəti ilə tanış oldum. Sabirabad mənim üçün əzizdir, hər yeri doğmadır. İnsanlarımız çox qonaqpərvərdir.

Əziz Sabirabadlılar ilk gündən mənə göstərdiyiniz səmimiyyətə və isti münasibətə görə Sizə hədsiz minnətdaram!!!".

Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Universitetində (King’s College London) beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasının “Anti-korrupsiya elmləri üzrə” magistr proqramnı fərqlənmə ilə bitirib.

Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində “Amerika hüquq sisteminə giriş” mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr proqramını bitirib.

K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını uğurla keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülüb.

2012-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) beynəlxalq əlaqələr şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib. 2013-2014-cü illərdə hərbi xidmət keçib.

2014-2016-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi, 2016-ci ildən isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi kimi fəaliyyət göstərir.

2015-ci ildən Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsinin Milli koordinatoru, 2016-cı ildən “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, BMT-nin “Korrupsiya əleyhinə Konvesiyası”nın icrası üzrə Milli əlaqələndiricisi, 2017-ci ildən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlə Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəridir.

Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011-2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub.

K.Cəfərov korrupsiyaya qarşı mübarizə sahəsində təhsil və ictimai maarifləndirməni həyata keçirən Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) idarə heyətinin üzvüdür.

İngiltərənin "The Guardian" nəşri, Türkiyənin “Hurriyet Daily News” nəşri və bir sıra yerli xəbər saytlarında məqalələri dərc edilib.