Gülhüseyn Kazımov Gürcüstanda fəxri diploma layiq görülüb

17 Yanvar 2020 14:54 (UTC+04:00)

Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin (BMM) layihələr koordinatoru, tədqiqatçı-alim Gülhüseyn Kazımov Gürcüstanda fəxri diploma layiq görülüb. SİA-ya bu haqda BMM-dən xəbər verilib. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində mükafatın təqdimatı olub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, BMM-in ikitərəfli mədəni münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyinin direktoru, mədəniyyətşünas Qeorqi Qeqeçkori Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda keçirilən tədbirləri yüksək qiymətləndirib.

Bildirib ki, BMM-in təşkilatçılığı ilə Tbilisidə "Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda dəyirmi masa, "Qarabağ" muğam qrupunun konserti keçirilib.

Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin və Gürcüstan Dövlət Folklor Mərkəzinin birgə təşkil etdikləri tədbirlər ölkələrimiz arasında mədəni sahədə əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verib.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyinin araşdırmasına görə, bu cür tədbirlərin keçirilməsində, layihələrin hazırlanmasında BMM-in direktoru, Xalq artisti Murad Hüseynovla yanaşı, qurumun koordinatoru, tədqiqatçı-alim Gülhüseyn Kazımovun da böyük xidmətləri var.

"Gürcüstan Teatr Cəmiyyəti" Yaradıcılıq Birliyi Azərbaycan-gürcü mədəni əlaqələrinin inkişafında səmərəli fəaliyyəti və anadan olmasının 70 illiyi münasibətilə "Gürcü teatrının dostu" Gülhüseyn Kazımovun fəxri diplomla təltif edilməsi barədə qərar qəbul edib.

Sonra Q.Qeqeçkori fəxri diplomu və hədiyyəni Gülhüseyn Kazımova verib.

G.Kazımov Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətinə və onun əməyinə verilən yüksək qiymətə görə təşəkkür edib. Bildirib ki, BMM-in əsas məqsədi Azərbaycan muğam sənətini və milli mədəni irsinin təbliği, eyni zamanda, Gürcüstan və digər dövlətlərlə mədəni əlaqələri daha da inkişaf etdirməkdir.

Tədqiqatçı alim bundan sonra Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq, mədəni əlaqələrinin inkişafına çalışacağını qeyd edib.