İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir

17 Yanvar 2020 13:37 (UTC+04:00)

Yanvarın 17-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) mediatur təşkil olunub. SİA xəbər verir ki, Aİİ-nin rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişatını izləyiblər. Şura üzvləri və KİV təmsilçiləri tələbələrlə sessiyaya hazırlıq, sualların tərtibatı, imtahan prosesi barədə söhbət aparıblar.

Şura üzvlərinə və KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında imtahanların müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək, yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb. Eyni zamanda, imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvləri, KİV təmsilçiləri məlumatlandırılıb. Qeyd olunub ki, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili məqsədilə institut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilir. İmtahanlar arasında 2 gündən az olmayan müddət təyin edilib, imtahana vaxtın 2 saat ayrılıb.

Diqqətə çatdırılıb ki, sessiya müddətində tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazımi şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb.

Xatırladaq ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, institut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.