Məktəbli idmançılar qızıl medal qazandılar

16 Yanvar 2020 09:45 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı parlaq uğurları davam edir. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, paytaxtdakı 211 nömrəli tam orta məktəbin VII sinif şagirdi Davud Muradov Qazaxıstanda karatenin şotokan növü üzrə keçirilən Avropa çempionatında 50-55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pillləsində yer alıb. Davud Muradov bu qələbəsinə görə qızıl medal və kubokla mükafatlandırılıb.

Bundan başqa, 328 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevinc Salayeva karate idman növü üzrə Azərbaycanda təşkil olunmuş beynəlxalq çempionatda yüksək nəticə qazanaraq I yeri tutub. Məktəbli qızıl medal və sertifikatla təltif olunub.

213 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zaur Məmmədov karate üzrə Azərbaycanda keçirilən açıq Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Zaur Məmmədov qızıl medal və diplomla mükafatlandırılıb.