Uzun müddət baxımsız vəziyyətdə olan Gəncənin Şəhidlər Xiyabanının yenidən qurulması işlərinə start verilib. Rəsmi məlumatlara görə Gəncə şəhəri üzrə Qarabağ müharibəsində 360-dan artıq insan şəhid olub. Bunların əksəriyyəti Gəncənin 4 saylı qəbiristanlığında torpağa tapşırılıb və ərazi Şəhidlər xiyabanı adlanır.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin şöbə rəisi Ələddin Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, yeni tədbirlər planına əsasən vətən uğrunda canlarını qurban verən soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq 8 guşəli kümbəz şəkilli abidə ucaldılacaq. Abidənin artıq təməli qoyulub və sütunlarının inşasına başlanılıb.
Hazırda ərazidə işlər intensiv olaraq davam etdirilir. Bundan əlavə şəhidlərin qəbirləri də bir qaydada hazırlanacaq. Artıq qəbirlərin ətrafının sökülməsinə başlanılıb. Şəxsiyyəti dəqiqləşdirilməyən şəhidlərimizin də məzarları eyni şəkildə hazırlanacaq.
İşlərin yay aylarında tam yekunlaşması nəzərdə tutulur.