Bir damla neft yüz qılıncdan güclüdür...

14 Yanvar 2020 19:11 (UTC+04:00)

Bu yazını yazarkən, Yaxın Şərqdə neft üstündə gedən qanlı savaşları, iri supergüclərin okeanın o tayından, ta Moskvadan və uzaq yerlərdən siyasi və hərbi pəncəsini neft çəlləyi olan ölkələrə doğru tuşladığını göz önünə gətirdim. Təsəvvür edin ki, bir damla neft üçün okeanın o tayından yüzlərlə amerikalı əsgər qan çanağına gətirilir, buralarda öldürülür, amma əvəzində, Ağ ev-dəkilər və iri ABŞ maqnatları milyardlarla dollar qazanırlar. Lap başda milyarder Donald Tramp olmaqla. Guya ağbaş dəlisov milyarder ABŞ-ın maraqları üçün çapalayır. Bəyəm, iranlı general Qasiminin öldürülməsi də siyasi şou və neft maraqları üçün oynanan oyun deyildi ki? Yəqin iranlı general bu dəfə D.Trampın biznes "damarını basdalayıb". Belədə onlar heç kəsi bağışlamırlar. Heç öz məmurlarını da.

Bu gün Yaxın Şərqdə neft uğrunda amansız mübarizə başlayıb. Hətta qaydasız döyüş formasında, bütün qurşaqlardan aşağı vurulacaq zərbə formasında. Suriyadan sonra indi də Yaxın Şərqin əsas neft çəlləyi sayılan Liviya uğrunda savaş başlayıb. Müəmmar Qəddafinin onilliklər boyu yığım qoruduğu milli sərvətləri "Ərəb baharı" adlı siyasi cinayət, senarisi ilə ələ keçirən Qərbdəkilər və Kreml sahibləri, indi də bu torpaqlarda qardaş qırğını üçün əməllicə qollarını çırmalayıblar. Məqsədləri bu zavallı müsəlmanlara silahdan, puldan dağıdıb milli sərvətləri ələ keçirsinlər, neft çəlləklərindən axan "mavi qızılı" öz ölkələrinə. Şəxsən öz varidatlarına qatsınlar. Bir vaxtlar regionun ən gözəl və dünya turistləri üçün cəzbedici ölkəsi olan Liviya torpaqlarında bu gün tayfa müharibəsi və qardaş qırğını baş alıb gedir. Özü də Fransanın, İtaliyanın, xüsusilə də, balacaboy Vladimir Putinin tərəflərə bolluca silah satması ilə. Bəzən də su qiymətinə verirlər. Qırdırırlar bu zavallıları bir-birinə. Marşal Haftar bir yandan öz başının dəstəsi ilə hücum edir qanuni hökumətə. Özü də ən müasir silahlar və bahalı markalı avtomobillərlə. Kim verib bunlara bu texnikanı, kim öz milyonlarından keçib heç nəyə lazım olmayan marşala bu qədər silah və bahalı maşın "hədiyyə" edir? Əlbəttə, qarşılığında neft çəlləklərini ələ keçirmək şərtilə...

Bu gün regionda yaşananlar, həm də bir məntiqi gün kimi ortaya qoyur: Bütün demokratiya adı ilə yalançı islahatlar, ideya ixracı ancaq və ancaq yeni sərvətlər ələ keçirmək, dövlətləri sümürmək məqsədi ilə edilir. Artıq Avropa nəhəngləri belə bu alçaq missiyanı dilə gətirməyə belə utanırlar. Siyasi maska yırtılıb, dünyada hər kəs yalançı demokratiya ideyasının ancaq və ancaq iri supergüclərin sərvət qamarlamaq vasitəsi olduğunu aydın şəkildə görür, növbəti yalan üçünsə yeni heç nə fikirləşməyiblər.

Ən yaxşısını ağbaş dəlisov D.Tramp eləyir. İraq parlamentinin amerikalı əsgərlərin İraqdan rədd olub getməsinə səslənən qərarına qarşı açıq və o dərəcədə də həyasız cavab verib: Biz İraqdan getməyi düşünmürük! Bu da, sənə dünyaya "demokratiya ixrac edən" supergücün cavabı! Adam açıq-aşkar deyir ki, hələ bu torpaqlarda sovuracaq çox sərvət var və biz iraqlıların iliyini sovurmadan heç yana getmirik. Sanki şükranlıqda hinduşka kəsən quldar babalarının torpağıdır İraq. Açıq şəkildə işğalı və həyasız mövqedir. Cənab D.Tramp "Ərəb baharı" ilə yaxın Şərqə soxulan amerikalı və avropalıların müsəlman qanı ilə yanaşı, müsəlman sərvətlərini də sovurmaq üçün hər şeyə hazır olduqlarını, fakt olaraq, ortaya qoyur. Getmirəm, vəssalam! Bədbəxt iraqlı, Səddam Hüseynin heykəlini yıxıb, Bağdad küçələrində bayram edəndə, göbəy atanda, sonradan sizləri və qadınlarınızı zorlayaraq itlərinə yedizdirən, sizləri zəlil gününə qoyan "demokratiya" amerikasının başınıza gətirəcəklərini yuxunuza da gətimirdiniz. Bu da, sizə son. Bir damla neft, milyonlarla günahsız müsəlmanın qanından çoxxxx qiymətlidir, vəssalam!

Mətləb Salahov