“Xalq, vətəndaş amili İlham Əliyev siyasətinin əsas maraq dairəsi, mühüm meyarıdır” BƏHRUZ QULİYEV

14 Yanvar 2020 17:29 (UTC+04:00)

"Azərbaycanın sosial-iqtisadi inkişafının təməl prinsiplərindən biri də sabitliyin qorunub saxlanılmasıdır ki, ölkəmiz məhz bu amil üzərində inkişaf və islahatlar yolunu davam etdirməkdədir". SİA xəbər verir ki, bunu Olaylar.az- a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə irəli sürülən fikirlərə münasibətini şərh edərkən deyib.

Onun sözlərinə görə, hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkənin sabitliyinin qorunub saxlanılmasından, eləcə də xalqın rifah halının yaxşılaşdırılması yönündə atılan mütərəqqi addımlarından keçir ki, Azərbaycanda bu siyasət kifayət qədər öz əksini tapır: "Bu ali mövqe ilə ölkəmiz daha böyük, daha uğurlu gələcəyə doğru inamla addımlamaqda davam edəcək. Məhz reallaşdırılan çoxşaxəli və dinamik islahatları nəzərə alaraq belə nəticəyə də gələ bilərik ki, atılan bütün bu kimi addımlar nəticəsində bütün sahələr üzrə tərəqqi müşahidə edilməkdədir. Belə ki, cənab Prezidentin də müşavirədə vurğuladığı kimi dünyanın bir çox bölgələrində gərginliyin mövcud olduğu halda, Azərbaycanda mövcud olan sabitlik inkişaf və tərəqqi prosesinə öz töhfələrini verir. Bunun isə təməlində xalq faktoru dayanır. Daha dəqiq vurğulasaq, xalq tərəfindən dövlətə, hakimiyyətə göstərilən dəstək, onun siyasətinə verilən yüksək qiymət həm dövlət başçımız cənab İlham Əliyevi ruhlandırır, eyni zamanda ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Bax, bu amildən belə bir nəticə hasil etmək lazımdır ki, xalq-dövlət birliyi, sabitlik əldə edilən iqtisadi uğurları, inqilabi islahatları qısa zamanda gerçəkliyə çevirir".

Siyasi ekspert həmçinin qeyd edib ki, Azərbaycanın təşəbbüskar və ideyaverici olaraq təqdim etdiyi və müxtəlif sahələri əhatə edən nəhəng layihələrdə söz sahibi qismində çıxış etməsi, eləcə də digər mühüm məsələlərdə yüksək mövqeyə sahib olması dinamik inkişafımıza stimul verir: "Təkcə iqtisadiyyatda rekord göstəricilərə imzaların atılması deyilən fikirlərin tərkib hissəsidir. Bunun isə bir izahı var. Cənab İlham Əliyev müşavirədə xatırlatdı ki, təkcə ötən il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirildi və bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Belə ki, ölkəmiz dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. Əbəs deyil ki, Azərbaycanda baş tutan bir sıra dünya əhəmiyyətli beynəlxalq tədbirlərlə yanaşı, dünyanın əsas gücləri danışıqlar masasını da ölkəmizdə təşkil edirlər, ölkəmizə etibar sərgiləyirlər. Bu isə bir daha nəticəyə gəlməyə zəmin yaradır ki, hər bir siyasi rakurs bir-birinə bağlı olan uğur tandemlərindən qaynaqlanır və bunların hər biri Azərbaycan xalqının daha yaxşı yaşaması üçün vacib məsələlərdəndir.

Onu da qeyd edim ki, Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycanı sabitlik, təhlükəsizlik məkanı adlandırır və bu bir reallıqdır ki, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi aparılan siyasətin xalq tərəfindən dəstəklənməsidir. Çünki xalq, vətəndaş amili həyata keçirilən siyasətin əsas maraq dairəsi, mühüm meyarıdır: "Bütün bunlar Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə ən böyük şəraiti, imkanları yaradır. İstər regional, istərsə də bütövlükdə geosiyasi xəritədə Azərbaycanın mövqeyi hər kəsə aydındır və bu ali mövqe ilə ölkəmiz daha böyük, daha uğurlu gələcəyə doğru inamla addımlamaqda davam edəcək. Əlbəttə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməklə".

Bəhruz Quliyev iqtisadi sahədə müsbət nəticələrin əldə edilməsinə dair də fkirlərini açıqlayarkən, dövlət başçısının ötən 2019-cu ili iqtisadi inkişafla əlaqələndirməsini şərh edib: "Dövlət başçımız vuğulayıb ki, əldə edilən nəticələr yürüdülən siyasətin düşünülmüş siyasət olduğunu bildirib. Misal üçün, Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salması, həmçinin dünyanın aparıcı iqtisadi araşdırma mərkəzlərinin keçirdikləri sorğularda ölkəmizin öncül yerlərdə qərarlaşması - bütün bunlar islahatların münbit nəticələridir. İstər kadr, istər struktur, istər sosial, istər iqtisadi, istərsə də digər sahələri əhatə edən islahatlar isə sonda belə bir məntiqi nəticəyə gəlməyə zəmin yaradır ki, həyata keçirilən uğurlu inkişaf və tərəqqi strategiyası davamlı olması ilə yanaşı, həm də yaxın gələcəkdə daha böyük rəqəmlərlə ölçüləcək. Məhz bu fikirləri önə sürən dövlətimizin başçısı xalqın yaxın zamanlarda daha firavan həyat sürəcəyi anonsunu da verib. Əmək haqları, pensiya və təqaüdlərin artırılmasından başlayaraq, digər maliyyə ödənişlərinə qədər bir çox sahələrdə artımlar müşahidə ediləcək. Bütün bunlar isə bilavasitə dövlət-xalq münasibətlərinin, vəhdətinin daha da möhkəmlənməsinə, Azərbaycanın sürətli inkişafına təkan verən danılmaz reallıqlardır".

Rövşən RƏSULOV