“Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” mövzusunda interaktiv açıq dərs keçirilib

14 Yanvar 2020 17:22 (UTC+04:00)

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2019-cu illər)” mövzusunda interaktiv açıq dərs keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyevin apardığı dərsdə şagirdlərə Naxçıvan Muxtar Respublikasında 1995-2019-cu illərdə geniş vüsət alan tikinti, quruculuq, abadlıq və digər sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib.

İsmayıl Hacıyev Naxçıvanın ermənilər tərəfindən blokadaya alındığı zamanda ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi və onun əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndərin quruculuq xəttinin davam etdirilməsi sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan hərtərəfli inkişafa nail olub.

Alim bildirib ki, muxtar respublikada inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası mühüm əhəmiyyət kəsb edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatlar qısa dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib. Çoxsaylı inzibati binalar, sosial obyektlər tikilib, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülüb.

Naxçıvanda ildən-ilə genişlənən tikinti-quruculuq və abadlıq işlərindən bəhs edən İsmayıl Hacıyev qeyd edib ki, muxtar respublikada dinamik və əsaslı inkişaf edən sahələrdən biri də elm sahəsidir. Azərbaycan elminə hər zaman hamilik etmiş ümummilli lider Heydər Əliyev siaysi kursunun davamçısı Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub.

“Elmə qayğı alim və tədqiqatçıların yetişməsi üçün də geniş imkanlar açıb”-deyən alim bildirib ki, bu dövrdə tədqiqatçıların çoxsaylı kitab və

monoqrafiyaları, dərslik və dərs vəsaitləri, məqalə və tezisləri çap edilib. Ümumiləşdirici fundamental kitabları nəşr olunub. Ali Məclis Sədrinin xüsusi Sərəncamı ilə muxtar respublika ərazisindəki 1213 tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılıb, 70-dən çox tarix və mədəniyyət abidələri bərpa olunub.

Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, irəli sürülən təşəbbüslər, həyata keçirilən islahatlar sayəsində ölkəmiz böyük uğurlar əldə edib, güclü dövlətlərdən birinə çevrilib.