Beynəlxalq Aeroport ən punktual aviaşirkətləri açıqladı

14 Yanvar 2020 15:59 (UTC+04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, 2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstərib.

“Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirib. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri, həmçinin yüksək nəticələr göstərib.

Ümumilikdə isə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dan çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.