Taal vulkanının külü ərşə qalxdı

14 Yanvar 2020 12:51 (UTC+04:00)

Filippindəki Taal vulkanından iki kilometr hündürlükdə kül sütunu qalxıb. SİA bu barədə RİA Novostinin Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun açıqlamasına əsasən yaydığı məlumata istinadən xəbər verir ki, Filippindəki Taal vulkanı aktiv olaraq qalır və son gün ərzində kül sütunu demək olar ki, 2 min metr, lava püskürməsi isə 500 metrə qədər hündürlüyə ucalıb.
İnstitutdan verilən açıqlamada bildirilir ki, "son 24 saat ərzində Taal vulkanının aktivliyi əsas kraterdən püskürmə ilə xarakterizə olunub".
Xatırladırıq ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu təhlükə səviyyəsini beş ballıq şkala üzrə dördüncü səviyyədə qiymətləndirib və vulkana bitişik ərazilərdən tamamilə boşaldılmasını tövsiyə edib. Vulkan püskürməsi təhlükəsi səbəbindən Filippin hakimiyyəti 80 min nəfərdən çox əhalisi olan Batangas əyalətindəki üç yaşayış məntəqəsini təxliyə etməyə başlayıb.