Trampın İran şousu: Kim kimi “vurdu”?

13 Yanvar 2020 14:48 (UTC+04:00)

Dünyada əməllicə nağıl boyda yalanlar dövr edir. Kim kimin “cibindədir”, kim-kimə qarşı oyun qurur, bəlli deyil. Həttda o dərəcədə ki, Donald Tramp belə, yeni ilin ilk günündə iranlı general Qasimini raketlə vurub öldürür, sonra da əsl nağıla bənzər siyasi tamaşalar başlayır dünya siyasətində. İran hakimiyyəti də bu tamaşanın bir başqa üzünə çevrilir. İran, general Qasiminin qisasını almaq üçün sən demə gecə ikən ABŞ-ın İraqdakı hərbi bazalarına iyirmidən çox raket atır, Xomnei də bəyan edir ki, bəs “yüzdən çox amerikalı terrorçunu” cəhənnəmə vasil elədik. Sonra məlum olur ki, İranın bu raketləri nəinki amerika əsgərlərinin, heç top-tüfənginin də filan yerinə dəyməyib. 20-dən çox raket hara düşdü bəs?. Bəlkə İran raketlərini külək fırlayıb aparıb Ağ Ev-in damına salıb?. Ay Allah, birdən İran raketləri Ağ Evin damına düşər, gözəllər gözəli Melina xanum yuxudan hövlanak oyanar, onda D.Trampın əsl üzünü görəsən də. Ağbaş milyarder öz gözəl arvadının yuxusuna haram qatılmasını mollalara bağışlamaz. filan, feşməkan...

İran, heç min illiklər boyu qədim tarixində bu duruma düşməmişdi. Gerçəkdən, hazırkı vəziyyətdə İran elə bil acınacaqlı vəziyyətə düşüb ki, hazırda o bu vəziyyəti öz düşmənlərinə belə arzulamır. D.Tramp İranı əməllicə gülüncə vəziyyətinə qoyub. Baxın, D.Tramp dünyanın ağası kimi deyir ki, iranlı generalı çoxdan öldürmək lazım idi, bu əmri onun özü verib, lazım gəlsə, daha ağır əməliyyatlara da imza ata bilər. Cavabında nə olur?. Xamnei İrandakı daxili etirazları və qisas çağırışlarını neytrallaşdırmaq üçün əl atır bu “cavab zərbəsinə”. İraqdakı ABŞ bazalarına yağış kimi raket atılır, amma ölən-yaralanan da olmur. Əsl tamaşadır, başqa heç nə!...

İndi gəlin gerçək siyasi mənzərini real şəkildə təhlil edək. İlk öncə “nədən D.Tramp general Qasimini elə yeni ilin ilk üç günündə öldürməyə qərar verdi?” sualına cavabdan başlayaq. Səbəb, sadəcə o qədər mürəkkəbdir ki, bu səbəbin əsl gizli mahiyyətini üzə çıxarmaq da qəliz məsələdir. Düzdür, general Qasimi İranın İraq və Suriyadakı əsas hərəktverici qüvvəsi idi və yaxın Şərqdə ABŞ üçün başağrısı olan bir sıra əməliyyatların əsas ideya müəllifi idi. D.Tramp da deyir ki, bu adam çoxdan, lap çoxdan aradan götürülməli idi, amma ABŞ indi addım atdı. Onda maraqlı sual ortaya çıxır: bəs nədən bu neçə ildə Ağ Ev iranlı generala qarşı ölüm hökmü imzalamadı, gözlədi, məhz yeni ilin ilk günlərində bunu etdi?.
Çox yəqin ki, bunun əsl səbəbi var. Qasiminin öldürülməsi barədə qərar sadəcə D.Trampın kefinə düşməsi ilə bağlı deyil. Yəni, sadəcə D.Trampın kefinin yaxşı vaxtında və sıradan bir qərarla öldürülmədi iranlı general. Hər şey planlı oldu!.

Sonrası, bəyəm D.Tramp bilmirdi ki, İran ona cavab zərbəsi endirəcək gücdə deyil və bu iş sadəcə gülünc siyasi şoudan başqa o yana keçməyəcək?. Hanı İranın ABŞ-ı titrəyişə salacaq cavab zərbəsi?. Nə oldu illərdir aparılan nəhəng İran gücünün gerçək ağırlığı?. Həsən Ruhani deyirdi ki, ABŞ bizim əsas qolumuzu kəsib, biz də onun ayaqlarını kəsəcəyik. İraqdakı bazalara atılan və heç bir amerikalı əsgərin belə burnunun qanamadığı “ raket qisasından” başqa heç nə ilə yadda qalmadı İran. Burax amerikanın ayağlarını kəsməyi, heç dırnağına daş da ata bilmədin. Açıq-aşkar fakt budur.
Bəs onda bu siyasi tamaşa nə üçün idi, kimə görə idi?. Hə, əsl cavabı da bu mövzuda axtarmaq lazımdır. ABŞ-da D.Trampla bağlı impiçment qalmaqalı, üstəgəl demokratların bütün cəbhə boyu onu “divara dirəməsi”, ABŞ cəmiyyətində olan-qalan nüfuzunun yerlə bir olması, ağbaş milyarder üçün yeni şou yaratmağı zərurətə çevirdi. İranlı generalı öldürüb bu cür şou yaratmaqla, ABŞ cəmiyyətindəki döşəməyə sərilmiş imicini ayağa qaldırmaq üçün bundan gözəl siyasi şou düşünməzdi D.Tramp. üstəgəl bundan sonra iranla müharibəyə yol verməməklə, D.Tramp amerika cəmiyyətində sülhsevər libasa bürünəcək. Özü də nəzərə alsaq ki, İran da Trampla müharibə etməyi ağlından da keçirmir. Buna gücü də çatmaz axı. Dünəndən bəri həm ABŞ Prezidentinin, həm də İran rəsmilərinin açıqlamalarına baxın, sanki hər iki tərəf artıq sakit məcrada həyata davam etməyə ürəkdən razıdır.

Bir çoxları İran hakimiyyətinin şouya ehtiyacının olmadığını düşünə bilər. Amma cəmi bir neçə ay əvvəl İranı başına götürmüş sosial etiraz dalğasını, benzinin qitmətlərindəki artıma görə İran şəhərlərinin oda verilməsini göstərmək məncə kifayət edir. İndi İranda hamı hakimiyyətin ətrafında sipər qurub amerikalı düşmənlərə qarşı. Deməli müharibə şousu hər iki tərəfin işinə yarayır. Qurbanlıq sadəcə Qasimi oldu, vəssalam!.

Mətləb Salahov