Baxın ha, əgər mən deputat olmasam...

9 Yanvar 2020 18:12 (UTC+04:00)

Dünya yaranandan bu günə qədər bəşər övladı müxtəlif arzular, istəklər və niyyətlərdə bulunub və bu məqsədlərinə çatmaq üçün cəhdlər göstərilib. Amma nə yazıqlar ki, bəzi niyyət və arzular reallığa çevrilməyib. Əksər hallarda əlçatmaz görünən bu arzular insan həyatının puç olmasına gətirib çıxarır. O faktlara görə ki, xəyalında canlandırdığı arzularının dalınca qaçan insan sonda özünü əlçatmaz arzular kimi məhvə sürükləyir. Aleksandro Mndroni deyirdi ki, bir insanın rahatlığının və rifahının pozulması üçün çox vaxt arzu dalınca qaçması kifayətdir. Ölməz şairimiz Səməd Vurğun isə arzularla bağlı çox gözəl deyir:

Mən də bir insanam, mən də canlıyam,

Mənim də qəlbimin arzuları var.

Deyirlər arabir dəliqanlıyam,

Çox da deyinməsin dalımca əğyar,

Mənim də qəlbimin arzuları var.

Bəli, hər kəsin əlçatan və əlçatmaz da olsa, arzuları var. Elə mənim də arzularım var. Səmimi etiraf edim ki, həmin arzuların əksəriyyəti əlçatan deyil. Elə uzağa getməyim. Arzum var ki, Novxanıda dəniz kənarında, balaca da olsa, xudmani bağ evim olsun, külafirəngidə oturum, qarşımda "notebook", masanın üstündə də pürrəngi çay. "Notebook"da hansısa bir publisistik əsəri və ya bədii romanı yazam, hərdən başımı qaldırıb pürrəngi çaydan bir qurtum içib, uzaqdan görünən Xəzər dənizini seyr edim. Sonra da yenidən başlayım beynimdə və düşüncələrimdəki fikirləri kompüterə köçürməyə. Bir də... bir də... deyəsən, bu cür arzuları qeyd etməklə, oxucunu hövsələdən çıxaracam. Çünki bu yazını oxuyan şəxslər məni qınayacaq, ürəklərində deyəcəklər ki, eləyə qalsa, bizim də filan-filan arzularımız var və başlayacaqlar xəyallarındakı arzularını canlandırmağa. O qədər hissə, qapanacaqlar ki, iş-güc yaddan çıxacaq. Kimsə, onu dümsükləyib, xəyal aləmindən ayıltsa, həmin şəxs məni təxribatda günahlandıracaq, həm də öz-özünə deyəcək ki, bu biçarə yazı müəllifi çox xəyalpərəst və əlçatmaz arzuların dalınca qaçan şəxsdir.

Əslində, oxucunu da qınamaram. Çünki heç olmasa, xəyallar aləmində mən və mənim kimilər öz istək və arzularını tapa bilirlər. Bunu ki, əlimizdən ala bilməzlər. Bu da o demək deyil ki, sahibkarı polis bölməsinə salıb qarnına bir-iki təpik, başına bir neçə şapalaq vurmaqla pulunu əlindən alasan, ya da ki, mövqeyindən, əlində olan möhürdən istifadə etməklə tabeçiliyindəki işçini addımbaşı təhqir edib, aşağılayasan. Yaxud kiməsə və nəyəsə arxalanmaqla kasıba yuxarıdan aşağı baxasan. Arzu dedim, yadıma bir dostumun deputat olmaq arzusu düşdü. Bu dostumu da qınamıram. Ona görə ki, deputat olmaq yaxşı şeydir. Pul-para, mövqe və mənsəb öz yerində, mandat hesabına uşaqlarını və yaxınlarını müxtəlif vəzifələrə təyin etdirmək və ya övladlarını dünyanın tanınmış, nüfuzlu universitetlərində oxutdurmaq deməkdir.

Fevralın 9-da parlamentin növbəti seçkilərinin keçiriləcəyini nəzərə alsaq, çox insanın arzularını reallışdırmaq üçün cəhdlər etdiklərini görmək olar. Amma elə şəxslər namizədliyini irəli sürür ki, bir növ, adamın atalar misalı olmasın, "dəymişi durunca, kalı tökülür". Zurna çalan, balaban püfləyən seçkilərdə iştirak etməyə qərar verir. "Ağzımı tikim", "ağzını çəkim" və bu kimi sarsaqqulu "şeirlər" söyləyən "bəstəkar-şair" deputat olmaq iddiasındadır. Qohum-əqrəba arasında tanınmayan, dost-tanış yanında sözü keçməyən şəxslər də deputatlığa namizədliyini irəli sürür. Olsun, Azərbaycan azad və demokratik dövlətdir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin seçkilərdə iştirak etmək, namizədliyini irəli sürmək haqqı və hüquqları var. Ancaq bu hüquqlardan biliyinə, savadına, imkanına və gücünə bələd olanlar istifadə etməlidir. Ancaq görünən odur ki, bu tələblərin fərqinə varmayıb, namizədliyini irəli sürənlər kifayət qədərdir. Vay-şüvən, ittiham və tənqidlər, hətta təhqirlər fevralın 10-u saat 8-dən sonra başlayacaq. Həmin namizədlər sosial şəbəkələrin imkanlarından bəhrələnib, tutulub-tutulmayacaqlarını bilməyəcəklər. Yetənə-yetib, yetməyənə bir daş atacaqlar. Beləcə, xor dərnəyinin cükküldəyən üzvləri kimi haray-həşir salacaqlar. Vay belələrinin halına. Arzuların da bir həddi, həm də sərhədi olmalıdır.

İ.ƏLİYEV