Ərzaq təhlükəsi(zliyi) - ANALİZ

26 Mart 2011 01:39 (UTC+04:00)

Dünya yeni ərzaq böhranı dövrünə qədəm qoymaqdadır. Ərzaq məhsullarının qiyməti durmadan bahalaşır. Artıq bir sıra ölkələr bundan ciddi ziyan çəkir. Qlobal ərzaq qıtlığı problemi ən çox xüsusi ərzaq təhlükəsizliyi proqramı olmayan, aqrar sektorun "unudulduğu" ölkələri hədələməkdədir. Azərbaycan belə ölkələrdən olmasa da, hələlik öz əhalisini kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilmir.

Almanın 500 fazi bahalaşmasının səbəbi nədir?

Neftin qiymətinin yüksəlməsi, bir çox ölkələrdə baş verən təbii fəlakətlər kimi səbəblərdən müşahidə olunan ərzaq qıtlığı narahatlıq yaradır. Bundan əndişə duyan istehlakçılar qiymətlərin getdikcə daha çox artacağını güman etdiklərindən bir neçə aylıq ərzaq ehtiyatlarını öncədən almağa başlayırlar. Bu da bazarda tələbatı artırdığından qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Cari ilin başlanğıcından bəri ölkədə bəzi ərzaq məhsullarında qiymət artımları baş verib. Artımlar ən çox idxal olunan ərzaq sektorunda müşahidə olunur. Lakin bəzi yerli istehsal məhsulların qiymətlərində də yüksək artımlar var.

Məsələn, ötən il bazarlarda almanın kq-ı maksimum 50 qəpiyə satılırdısa, ində qiymət 2-3 manatdır. Bahalaşma 500 faiz təşkil edir. Yerli alma satanlar məhsulun qiymətinin yerində artdığını desələr də, fermerlə bunun yalan olduğunu deyirlər. Onların dediyinə görə, bölgələrə 50 qəpiyə alınan meyvəni paytaxta gətirib 4 dəfə baha satırlar. Maraqlıdır ki, dünyanın o başından gətirilən ananasın, bananın qiyməti 2 manat olduğu halda, ölkədə "əlindən tərpənmək mümkün olmayan" almanın 3 manat olması anlaşılan deyil. Eyni vəziyyət digər meyvə-tərəvəz məhsullarında da müşahidə olunur. Məsələn, ötən ilki qiymətlərə nisbətən kartof-soğan 2-3 dəfə, kələm, kök, çuğundur, balqabaq, kənd yumurtası 2 dəfə bahalaşıb.

Qiymət artımı daha çox xarici faktorlardan qaynaqlanır

Azərbaycan hökumətinin qiymət artımına qarşı gördüyü tədbirlər effekt versə də, prosesi təkcə inzibati metodlarla tənzimləmək mümkün olmayacaq. Çünki, qiymətlərin artması hökumətdən asılı deyil, xaricdən baha qiymətə alınan məhsulu ölkə bazarında ucuz satmaq mümkün deyil. Getdikcə ökədə qiymətlər liberallaşır və biz bazar iqtisadiyyatı prinsipləri ilə yaşamağa məcburuq. Amma hər halda bəzi ölkələrin təcrübəsindən istifadə edərək strateji məhsulların qiymətlərinin yuxarı hədlərinin müəyyənləşdirilməsinə ehtyac duyulur.

Mütəxəssislər qeyd edirlər ki, hazırda qiymət artımlarının baş verməsi əsasən, həm xarici həm də amillərin hesabına mümkün olur. Ölkədə istehsal olunan, amma əhalinin tələbatını ödəməyən məhsulları özəl şirkətlər və sahibkarlar idxal edirlər. Onlar da hər hansı malı baha aldıqda, baha da satmalıdırlar. Kimisə hər hansı məhsulu xaricdən gətirib öz qiymətinə satmağa məcbur etmək olmaz. Əksər ekspertlər bildirirlər ki, hökumət iqtisadi mexanizlərlə bu prosesə təsir edə bilər, ancaq inzibati vasitələrlə heç nə etmək mümkün deyil. Ancaq qeyd edək ki, süni bahalaşmanın qarşısını inzibati metodlarla da almaq mümkündür. Ötən həftə broyler fabriki yumurtasının qiymətinin süni şəkildə 2 dəfə artırılmasına dövlət başçısı səviyyəsində müdaxilə edildi və qiymət əvvəlki həddə qaytarıldı.

Artımlarda daxili amillərin payı da az deyil

Artımların bir hissəsi də, artımı stimulaşdıran proseslər nəticəsində meydana gəlir. Məsələn, ölkədə nəqliyyatın (avia, su, dəmiryol və avto) daşıma qiymətləri aşağı olsaydı, bir sıra məhsullarda bahalaşma müşahidə olunmazdı. Əksər fermerlərin dediyinə görə, ölkənin o başından bu başına məhsul gətirmək üçün çəkilən nəqliyyat xərci həmin məhsulun maya dəyərindən çox edir. Dünya bazarında qiymətlərin artması o demək deyil ki, ölkədə bütün məhsulların qiymətində bahalaşma olmalıdır. Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici faktorların mümkün təsirlərindən maksimal sığortalanma asan olur. Belə ölkələrdə əsas tələbat malları ölkənin özündə istehsal olunur, beləliklə də xarici amillərin təsirləri minimuma endirilmiş olur.

Məsələn, ABŞ, Kanada və əksər Avropa ölkələrində, həmçinin, Rusiya və Türkiyədə dövlət tərəfindən kənd təsərrüfatına böyük həcmdə dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün digər stimullaşdırıcı tədbirlər görülür, fermerlərə müxtəlif güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətindən də yüksək qiymətə alınacağı haqda öncədən müqavilə bağlanır. Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

İstehsalçı və istehlakçı uduzur, alverçilər qazanır

Məlumdur ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün istehsalı artırmaq lazımdır. Bura ilk növbədə taxıl və kartof istehsalı daxildir ki, bunlar strateji məhsullar sayılır. Lakin ötən mövsüm ölkədə 3 milyon ton tələbata qarşı 2 milyon ton taxıl istehsal olunub ki, bu da əvvəli mövsümdəkindən 1 milyon ton azdır. Yəni, taxıl istehsalında 30 faizlik azalma müşahidə olunub. Hazırda Azərbaycan əhalisinin istehlak etdiyi ərzaq məhsullarının 50 faizə qədəri idxal hesabına formalaşır. Məhz bu səbəbdən də, Azərbaycan bazarını ucuz bazar saymaq olmaz. Yerli bazarda əsas ərzaq malları xarici ölkələrdəki ilə eynidir və ya ondan da bahadır. Aqrar sektor ölkə bazarlarını meyvə-tərəvəzlə artıqlaması ilə təmin edə bilər, lakin bu məhsulların xarici analoqları- genetik modifikasiya olunmuş məhsullarla bazarlara daha çox yol tapır. Belə məhsullar yerli məhsullardan xeyli ucuz satılır. Məsələn, yerli kartofun kq-ı 1.5 manatdan ucuz deyil, halbuki transgen İran kartofu 2 dəfə ucuz- 70-80 qəpiyə satılır.

Yerli meyvə-tərəvəz bazarlarda baha satılsa da, bundan kəndli yox, alverçilər qazanır. Kəndli məhsulunu min bir əziyyətlə əkib-biçəndən sonra, onu çoxsaylı çətinliklərlə bazara çıxara bilir və ucuz qiymətə alverçilərə verməyə məcbur olur. Hər hansı bir şərti məhsulu kəndlidən 1 manata alan möhtəkirlər onu ən azı 2 manata satırlar. Belədə, iki tərəf uduzur- alıcılar və fermer özü. Bir tərəf də udur ki, bunlar da möhtəkirlərdir. Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Azərbaycanın ərzaq potensialı

Hər bir ölkənin konseptual inkişafı, iqtisadi müstəqilliyinə ərzaq təhlükəsizliyi də daxildir. Ölkəmizdə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramında qeyd edilir ki, dövlət əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci il üçün dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı və 2015-ci ildə 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton olmalıdır.

Sənaye üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkilərinin istehsalı 1,72 milyon ton, meyvə 800 min ton olmalıdır. Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, cari mövsümdə kənd təsərüfatı məhsullarının istehsalında ciddi artımlar olacaq. Şübhə yoxdur ki, Azərbaycanda aqrar sektorun inkişafının dəstəklənməsi, bu sektora dövlər yardımının artırılması ölkədə məhsul istehsalının artmasına, dolayısı ilə qiymətlərin ucuzlaşmasına şərait yaradacaq.