10 yaşlı Nərmin necə və niyə qətlə yetirilib? DƏHŞƏT

7 Yanvar 2020 11:43 (UTC+04:00)

Tovuz rayonunun Dondar Quşçu kəndində 21 noyabr tarixindən itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyeva ilə bağlı mətbuata yeni detallar məlum olub. SİA-ya daxil olan məlumata görə, bazar ertəsi gününün axşam saatlarında Nərminin cansız bədəni yaşadığı evin qarşısına atılıb. Hüquq mühafizə orqanlarından isə mətbuata bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar. Həmin vaxt alovu görən qonşular dərhal yanğını söndürüblər və öldürülmüş Nərmini tanıyıblar. Qonşular bu haqda onun valideynlərinə və polis orqanlarına xəbər veriblər. Hələlik qətllə bağlı heç kim saxlanılmasa da, ilkin ehtimallara görə, 10 yaşlı qızın öldürülməsi ilə bağlı onun bəzi qohumları şübhə altındadırlar. O cümlədən, Nərminin meyitinin qalıqları tibbi ekspertiza edilməsi üçün xəstəxanaya göndərilib. İlkin versiyaya görə, qatil qurbanı alçaldıb.Bundan öncə isə, güman edilirdi ki, qız yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Xatırladaq ki, 10 yaşlı Nərminin nənəsi Xəzər TV-də yayımlanan “Səni axtarıram” sosial-axtarış layihəsinə müraciət edərək, nəvəsinin axtarışına çıxmışdı. Qızın əmisi, atası və anası axtarış zamanı heç kimlə düşmən münasibətdə olmadıqlarını desələr də, onların bir çox məsələləri gizlədikləri, habelə etinasız münasibətləri də diqqətdən yayınmamışdı.

Qeyd edək ki, artıq Baş prokurorluq dəhşətli cinayətlə bağlı yaydığı rəsmi məlumat yayıb və həmin məlumatda deyilir ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə “kifayət qədər əsaslar müəyyən edildiyindən” Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində azyaşlının yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da bildirək ki, sosial şəbəkələrdə hadisə ilə bağlı azyaşlı qızın əmisi və əmisi oğlanlarının saxlanılması ilə bağlı məlumatlar yayılıb. Lakin Dondar Quşçu bələdiyyəsindən KİV-lərə hadisə ilə bağlı yaxın qohumlarının saxlanılmadığını, yanlış məlumatlar yayıldığını deyiblər: “Dünən bütün kənd hadisə yerində idi. Saxlanılan olsaydı kənddə xəbər yayılardı”, bələdiyyənin adının açıqlanmasını istəməyən əməkdaşı söyləyib.

Kənd sakinləri isə deyiblər ki, mərhumun ailəsinin maddi imkanları yaxşı olmayıb: “Atası Şərif Quliyev fəhləliklə iki qız övladı böyüdürdü, kasıb, heç kimlə ədavəti olmayan ailədir. Nərminin özündən böyük bacısı qaldı. Bütün kənd qızın axtarışlarına qoşulmuşdu”, - sakinlərdən biri danışıb. Bildirib ki, Nərmin itkin düşən gün atası ilə toya gedib. “Şərifgil 4-5 qardaşdırlar, hər birinin ayrıca evi var. Noyabrın 21-də qardaşının uşağının toyunda olublar, atası gödəkçəsini götürməsi üçün Nərmini əmisigilə göndərib. Qız onlardan çıxandan sonra itkin düşüb”.

Kənd sakinləri əlavə ediblər ki, əmisi oğlanlarından biri əqli qüsurludur. Uşaq da məhz əmisigilə gedəndən sonra yoxa çıxdığından şübhələr yaranmışdı.

Rövşən RƏSULOV