Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Tələbə-məzun" Dövlət Sistemi saxta diplomun qarşısını alacaq. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, bu sistem vasitəsilə ayrı-ayrı dövlət orqanları, o cümlədən şəhər rayon təhsil şöbələri, hərbi komissarlıqlar istədikləri tələbələr haqqında məlumatları əldə edə biləcəklər.
Hələki burada 2, 5 milyon tələbə-məzun haqqında informasiyanın toplandığını deyən mətbuat katibinin sözlərinə görə, yaxın gələcəkdə sistemə müvafiq dövlət qurumlarının qoşulması üçün sistemli işlər aparılır.
"Bu sistemə qoşulmaq üçün hər bir dövlət qurumunun, ali məktəbin şifrəsi və parolu olacak. Onlar da bu parol vasiəsilə sistemə qoşularaq müvafiq məlumatları alacaq, eyni zamanda işə qəbul zamanı dövlət strukturları bundan asanlıqla faydalana biləcəklər. Dövlət orqanlarında vakant vəzifələrə işə qəbul olmaq istəyən, ancaq ali savadı olmayan şəxslər arzularına çatmayacaq. Həmin orqanların rəhbərləri bu sistem vasitəsilə vakant yerə ərizə verən şəxsin harada təhsil alması barədə məlumat əldə edə biləcəklər. Prosesin bu il ərzində başa çatması gözlənilir. Bu proses yekunlaşandan sonra ali məktəbə qanunsuz yolla daxilolma və köçürmə halları da azalacaq. İnsanlar da biləcək ki, hara getmələrindən asılı olmayaraq saxta dilomla iş tapa bilməyəcəklər. Sistemdə neçə nəfərin ali məktəbə qəbul olduğu, neçəsinin xaric, neçəsinin isə köçürüldüyü açıq şəkildə göstəriləcək. Sistemə bütün ali və orta ixtisas mətəblərinin qoşulması məcburidir", - E.Nağızadə əlavə edib.