Türkiyədə Sarıqamış hərəkatının 105-ci ildönümü ilə əlaqədar yürüş keçirilib

4 Yanvar 2020 23:49 (UTC+04:00)

Birinci Dünya müharibəsi zamanı Türkiyədə baş tutmuş Sarıqamış hərəkatının 105-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsinə yürüş keçirilib, qardan heykəllər hazırlanıb.

SİA xəbər verir ki, Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsində reallaşan yürüşdə 10 min nəfərdən çox insan iştirak edib. Yürüş zamanı əllərində türk bayraqları və məşəl olan iştirakçılar “Vətən sənə canım fəda”, “Hər şey vətən üçün” şüarları səsləndirilib.

Tədbirə Türkiyənin Gənclik və İdman, Kənd Təsərrüfatı və Meşəçilik nazirləri, Qars valisi deputatlar və digər dövlət qurumlarının nümayəndələri də qatılıblar.

Qeyd edək ki, Birinci Dünya müharibəsinin gedişində Rus və Osmanlı imperiyaları arasında baş vermiş Sarıqamış döyüşü 1914-cü ilin dekabrından 1915-ci ilin yanvar ayına qədər davam etmiş və Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiyanın qələbəsi ilə tamamlanmışdır. Osmanlı dövləti bu döyüşdə 33 min şəhid vermişdir. Rusiyanın itkisi isə 16 min göstərilir.