Yaponiya hökuməti zəlzələnin ölkəyə vurduğu zərəri hesablayıb
23 Mart 2011 23:33 (UTC+04:00)
Yaponiyada baş vermiş zəlzələ nəticəsində ölkəyə dəyən birbaşa zərər 16-25 trln. yen (200-312 mlrd. ABŞ dolları) həcmində qiymətləndirilir. Yaponiya hökuməti açıqlayıb. Sözügedən məbləğə ölkə infrastrukturuna bilavasitə dəyən zərər daxildir ki, ziyanın həcmi 1995-ci ildə Kobedə baş vermiş zəlzələnin zərərinin həcmini iki dəfə üstələyir.
Eyni zamanda dünyada sayca üçüncü iri tütün şirkəti olan "Japan Tobacco" zəlzələ və sunamidən zərər çəkib və nəticədə Yaponiyada dükanlarda bir çox siqaret markaları qurtarıb. Yaponiyanın bir çox istehsal müəssisələri fəaliyyətini dayandırıb. Mütəxəssislərin hesablamalarına görə, ölkəyə dəymiş birbaşa iqtisadi zərər 300 mlrd. ABŞ dollarından çoxdur.
Qeyd edək ki, martın 11-də Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Nəticədə ölən və itkin düşənlərin sayı 24 mini ötüb. Ölkənin şimal-şərqində xilasetmə işləri davam edir.