Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib
22 Mart 2011 08:15 (UTC+04:00)
Brüsseldə Avropa Parlamentində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən "Avropa İttifaqı-Azərbaycan münasibətləri: mədəniyyətlərarası dialoq" mövzusunda konfrans keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva məlumat verib.
Məlumata görə, konfransa məruzəçi qismində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Qeyri Maddi İrs Sektorunun müdiri Yaşar Hüseynli, Qafqaz müsəlmanları idarəsinin nümayəndəsi Ziyad Əhmədov, Rus Pravoslav Kilsəsinin Bakı-Xəzəryanı Yeparxiyası dini icmasının nümayəndəsi keşiş Mefodi, Azərbaycan Alban-udin xristian İcmasının başçısı Robert Mobili dəvət olunublar.
Millət vəkili İsmayıl Ərtuğ konfransı açaraq, ilk dəfə Avropa Parlamentində mədəniyyətlərarası dialoq mövzusunda keçirilən konfransa ev sahibliyi etməkdən şərəf duyduğunu qeyd edib. Azərbaycanın Belçikadakı səfiri və Aİ yanında missiyasının rəhbəri Emin Eyyubov Azərbaycanın din və mədəniyyətlərin birgə yaşadığı və tolerantlığın ən bariz nümunəsi olan nadir məkanlardan biri olduğunu vurğulayıb.
Daha sonra məruzəçilər, Azərbaycanda dini icmaların vəziyyəti, qeydə alınması və fəaliyyəti, dini dözümlülük və tolerantlıq mühitinin Ümummilli lider Heydər Əliyevin din-dövlət konsepsiyasına uyğun olaraq möhkəmləndiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, böyük tarixə malik dini məbədlərin bərpası, bu sahədə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolu barədə məlumat veriblər.
Azərbaycanda tolerantlıq ənənələrinin tarixi kökləri, Azərbaycan torpaqlarında yəhudilərin sığınacaq tapmaları, dövlət səviyyəsində bütün dini icmalara göstərilən qayğı, kilsə və sinaqoqların fəalıyyəti, Alban-udin xristian icması, alban mədəniyyətinin və kilsələr də daxil olmaqla tarixi abidələrin erməniləşdirilməsi cəhdləri, Azərbaycan toponimlərinin erməniləşdirilməsi kimi məlumatlar dinləyicilərin geniş marağına səbəb olub.
Qeyd edək ki, konfrans Avropa Parlamentinin Almaniyadan olan üzvü İsmayıl Ertuğun himayəsi və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.