Cari ildə 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən də aşağıda olmaqla 2.6% təşkil edib. SİA rəsmi statistikaya əsasən xəbər verir ki, son bir ildə istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməyib, 15.4%-nin qiyməti isə aşağı düşüb, bahalaşan məhsulların 46.4%-nin qiymət artımı 2%-dən də aşağı olub.
Statistikaya əsasən, tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya isə 2019-cu ilin 11 ayında 2.4% təşkil edib.
2019-cu ildə də inflyasiyanın faktiki dinamikası və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini minimum səviyyədə saxlayıb. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən ev təsərrüfatlarının növbəti 12 ay üçün inflyasiya gözləntiləri aşağı və stabildir. Qeyri-neft emal sənayesi və xidmət sektoru üzrə də 3 aylıq inflyasiya gözləntiləri faktiki inflyasiyaya yaxın səviyyədədir.
Ümumiyyətlə, il ərzində Azərbaycanda inflyasiya hədəf diapozonunda qorunmaqla MDB məkanı və tərəfdaş ölkələr arasında ən aşağı göstəricilərdən olub.