ƏƏSMN və Baş Məşğulluq İdarəsinin bir qrup əməkdaşı Avstriya və Litvada olublar
20 Mart 2011 00:07 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Məşğulluq İdarəsinin mütəxəssislərindən ibarət layihə işçi qrupunun üzvləri və icraçılarından ibarət 9 nəfərlik nümayəndə heyəti bu günlərdə Avstriya və Litva Respublikalarında təlim səfərində olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "Təkmilləşdirilmiş Məşğulluq Xidmətləri" komponenti çərçivəsində baş tutub. Avstriya və Litvanın məşğulluq xidmətləri, xüsusilə də bu ölkələrin Aktiv Əmək Bazarı Proqramlarının icrası sahəsində həyata keçirdikləri qabaqcıl təcrübə ilə əyani tanışlıq və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırlması məqsədi ilə təşkil olunan səfər çərçivəsində Vyana və Vilnüs şəhərlərində görüşlər keçirilib, müzakirələr aparılıb.
Avstriya Respublikasına təlim səfəri zamanı Avstriya Respublikası Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Federal Nazirliyi, Avstriya Dövlət Məşğulluq Xidmətinin Baş İdarəsi, Aşağı Avstriya regionu üzrə Regional Məşğulluq Xidməti Mərkəzi, Huttenqras və Mödlinq rayonlarının Yerli Məşğulluq Xidməti Mərkəzlərində məhsuldar görüşlər keçirilib.
Aktiv Əmək Bazarı Proqramlarının icrası sahəsində sosial tərəfdaşlarla birgə yaradılmış müəssisələrdə olan nümayəndə heyəti burada görülən işlərlə tanış olub. Litva Respublikasına təlim səfəri zamanı Litva Respublikası Sosial Təminat və Əmək Nazirliyi, Litva Əmək Birjası, Vilnüs Regional Əmək Birjası, eləcə də Şalçininkay rayonunun Yerli Əmək Birjasında bir sıra məhsuldar görüşlər keçirilib, həmçinin, Aktiv Əmək Bazarı Proqramlarının icrası sahəsində Şalçininkay rayonunda yerləşən sosial müəssisəyə səfər edilib.
İki ölkəyə təlim səfəri çərçivəsində aparılan görüşlərdə aidiyyəti qurumların nümayəndələri tərəfindən adıçəkilən təşkilatların funksiyaları və təşkilatı strukturu, həyata keçirdikləri siyasət tədbirləri, qarşılıqlı və sosial tərəfdaşlarla əməkdaşlıq əlaqələri, hər iki ölkədə əmək bazarının vəziyyəti və problemləri, işsizliklə mübarizə üçün tətbiq olunan Aktiv Əmək Bazarı Siyasətləri, bu siyasətlərin hazırlanması və tətbiqi üçün təşkilati, hüquqi, maliyyə mexanizmləri, bu siyasətlərin icrasına sosial tərəfdaşların cəlb olunması, Aktiv Əmək Bazarı Siyasətlərinin icrasının keyfiyyətinə nəzarət və montorinq sisteminə dair məlumat verilib, Avstriya və Litva təcrübəsinin Azərbaycanda mümkün tətbiqinə dair geniş və hərtərəfli müzakirələr aparılıb.