Prezident İlham Əliyev: "Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir"
Ölkəmizdə dövlət başçısı tərəfindən aparılan sosial siyasət insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvarlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb. Hər zaman Azərbaycan xalqının yanında olduğunu və xalqın dəstəyinə arxalandığını bildirib. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması "ASAN xidmət"in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Məqsəd həm də dövlət büdcəsinə artıq yük olan xidmətlərin ödənişli əsaslarla agentliklər vasitəsilə verilməsidir.
Bu il may ayının 9-da istifadəyə verilən ilk "DOST" mərkəzi gün ərzində 350 vətəndaşı qəbul etmək imkanına malikdir. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edən mərkəzdə vətəndaşa "bir pəncərə" prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstərilir. Mərkəzdə 96 nəfər, "Gənc DOST" proqramı üzrə isə, 50 könüllü fəaliyyət göstərir. Azərbaycan vətəndaşları mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin, sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlana bilirlər. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir. Mərkəz vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərməklə, onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərini həyata keçirir.
"DOST" mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə"dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihələrdəndir. Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST Agentliyi mərkəzlər vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərmək imkanına malikdir. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 "DOST" mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.
Bu yaxınlarda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı oldu. Bina müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından, ən yüksək tələblərə cavab verir. Yeni açılan DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz Bakının Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət göstərəcək. İl ərzində 70 mindən artıq vətəndaşa "bir pəncərə" prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstəriləcək. Mərkəzdə 80 nəfər, "Gənc DOST" proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərəcək. Burada "Pensiya və sosial sığorta", "Sosial müavinətlər və təqaüdlər", "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat", "Sosial xidmətlər və övladlığa götürmə məsələləri", "Əmək münasibətləri", "Məşğulluq xidmətləri", "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri", "Bank və notarius xidmətləri" də var. Beləliklə, bu mərkəz də vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət edib və "bir pəncərə"dən faydalanmasına imkan verir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir.
Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin "bir pəncərə"dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev DOST mərkəzlərinin yaradılmasını çox gözəl, əlamətdar hadisə kimi qiymətləndirib, mərkəzlərin gələn il əhatə dairəsinin daha da genişləndirələcəyini bildirib: "Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması, artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, gələn il DOST mərkəzlərinin əhatə dairəsi genişlənəcək və əhalimizin yarıdan çox hissəsini əhatə edəcək".
Cənab İlham Əliyev vurğulayıb ki, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də "ASAN xidmət" mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi "ASAN xidmət" öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq".
130-dan çox xidmətin göstərilməsini digər önəmli bir məsələ kimi diqqətə çəkən Prezident buraya müraciət edən və edəcək bütün vətəndaşların bu xidmətdən razı qalacağına əminliyini bildirib: "Birinci mərkəzin açılışından sonra DOST mərkəzinə, cəmi 6 ay ərzində, 60 mindən çox müraciət olmuşdur və vətəndaşların məmnunluq əmsalı çox yüksəkdir. Bu, onu göstərir ki, həm bütün proses çox düzgün təşkil edilib və həm də, bu mərkəzlər, məhz innovativ əsaslarla fəaliyyət göstərir".
Prezident, həmçinin, son dövrlərdə sosial təminat sahəsində böyük işlər görüldüyünü vurğulayıb: "Bu il dövlət tərəfindən ən böyük sosial paket tətbiq olunub və bu, 4,2 milyon insanı əhatə edib. Bu, analoqu olmayan sosial təşəbbüsdür ki, həm maaşlar, həm pensiyalar, müavinətlər artırılıb, problemli kreditlərlə bağlı məsələ öz həllini tapıb. Biz bütün bu işləri vətəndaşların rifah halının yaxşılaşması üçün edirik. İqtisadi imkanlarımız artdıqca, bu işləri görməyə başlamışıq və bu işlər gələcəkdə daha geniş vüsət alacaqdır".
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb.
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.
ZÜMRÜD BAYRAMOVA