“Taxılçılıq ölkəmizdə əsas strateji sahələrdən biri hesab olunur. Taxılçılıq sahəsi həm insanların qida məhsullarına olan ehtiyacının ödənilməsində, həm heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan bir sahədir”. Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovaiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev deyib.
O bildirib ki, bu gün Respublikamızda taxılçılıqda məhsuldarlığın artırılması, kifayət qədər yaxşı məhsulun əldə olunması üçün Kənd Təsərrüfatı Nazirliyi olaraq qarşımıza bir proqram qoyulub: “Bu proqramın prioritet istiqaməti yalnız məhsuldarlığı artırmaq və keyfiyyətli məhsul əldə etməkdir. Ötən illərdən fərqli olaraq 2019-cu ildə müasir, innovativ texnologiyaların tətbiq olunması, vaxtında düzgün aqro-texniki qaydaların həyata keçirilməsi baxımından ötən illərə nisbətdə məhsuldarlığımız nəzərə çarpacaq dərəcədə çox olub. Belə ki, bu il əsas taxıl biçini dövrü keçən illə müqayisədə 20 gün tez başa çatıb. Taxılçılıqda növbəli əkin sistemi tətbiq olunur. Taxıl biçininin tez başa çatması isəuğurun əldə olunmasına zəmin yaradan amillərdəndir. Taxıl sahələrinin əkindən tez azad olunması növbəti bitkilərin şumlanması, əkilməsi üçün əhəmiyyət kəsb edən məsələdir”.
F.Xudayev vurğulayıb ki, bu il 3 milyon 300 tona yaxın məhsul toplamışıq ki, bu da 2018-ci illə müqayisədə təqribən 200 min ton çox taxılın toplanması deməkdir: “Taxılın istehsalında orta məhsuldarlıq 31,3 sentner, buğda üzrə orta məhsuldarlıq təqribən 32,4 sentner, arpa üzrə orta məhsuldarlıq 29,7 sentner təşkil edib. Bu isə 2018-ci illə müqayisədə buğda məhsuldarlığı 2,3 sentner, arpa məhsuldarlığı isə 1,8 sentner artıb. Qeyd etdiyim kimi ümumi istehsal etdiyimiz məhsul 200 min tondan çox olunub ki, bu da sadaladığım kimi düzgün aqro-texniki qaydaların həyata keçirilməsi, nazirlik olaraq vaxtında monitorinqlərin həyata keçirilməsi, qarşıya çıxan problemlərin vaxtında qarşısının alınması nəticəsində bu il taxılçılıqda bu uğurları əldə etmişik”.