Şirvan şəhər Mərkəzi Xəstəxanasının yeni binasının açılış mərasimi keçirilib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov açılışı bildirən rəmzi lenti kəsiblər. Sonra xəstəxananın şöbələrinə baxış keçirilib.
Xəstəxananın baş həkimi Murad Salmanov məlumat verib ki, 2010-cu ilin may ayından xəstəxananın əsas korpusunun Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmirinə başlanılıb. Xəstəxana 255 çarpayıdan ibarətdir. Xəstəxanada qəbul, travmatologiya, reanimasiya, terapiya, urologiya şöbələri vardır. Bütün şöbələr müasir səviyyədə təmir olunub və tam diaqnostik aparaturalarla təchiz edilib. Bu il xəstəxananın mərkəzi poliklinika hissəsi, aptek şöbəsi, mətbəxi, camaşırxanasında və həyətində əsaslı təmir işləri görüləcək. Həmin işlər ilin sonuna qədər yekunlaşacaq.
Hazırda Tovuz, Şabran, Daşkəsən, Ağdaş, Şəki, Bərdə, Xaçmaz rayonlarında da xəstəxanalar təmir olunur.