Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 2019-cu ildə yerinə yetirilən işlərin hesabatını dərc edib. SİA-nın verdiyi məlumata görə, hesabatda aşağıda görülən işlər öz əksini tapıb.
1. Dövlət Komitəsinin rəsmi internet saytı Azərbaycan, ingilis və rus dillərində aktiv fəaliyyət göstərir.
2. Rəsmi sosial şəbəkə (Facebook, Twitter, İnstagram, Youtube kanalı) səhifələri interaktivdir. Rəsmi internet ünvanı və sosial şəbəkələrdə Komitənin fəaliyyətinin, diaspor hərəkatının işıqlandırılması istiqamətində ardıcıl işlər aparılır. Görülən işlər sayəsində sosial şəbəkə izləyicilərinin sayı Facebook səhifəsində 2018-ci ilin dekabr ayındakı 36608 nəfərdən 45000 nəfərə çatıb; 3. ilk dəfə olaraq infoqrafik diaspor xəritəsi (http://www.diasporamap.com/) yaradılaraq açıq istifadəyə təqdim edilib. Xəritədə xüsusi işarələnmiş nöqtələrin üzərinə sıxdıqda həmin ərazidə fəaliyyət göstərən diaspor təşkilatlarını və onlar haqqında informasiyaları görmək mümkündür. Hal-hazırda Xəritədə 48 ölkədən 538 təşkilat haqqında informasiya yerləşdirilib;
4. Komitənin internet televiziyası Diaspor TV yaradılaraq aktiv fəaliyyəti təmin edilib. Diaspor TV-də “Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində, uğur əldə etmiş soydaşlarımız haqqında videoroliklər hazırlanaraq yayımlanır. Onlayn Azərbaycan dili dərsləri təşkil edilir, “Azərbaycan dilində danışan xaricilər” və “Qarabağ” rubrikası da fəaliyyət göstərir. Paralel olaraq, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda 2 dəfə “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır;
5. Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Komitədə, əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə, müvafiq işçi qrup yaradılıb, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir;
6. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması məqsədilə işçi qrup yaradılıb və mütəmadi müzakirələr aparır;
7. “Diaspor fəaliyyətində xidmətə görə” medalın təsis olunması ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq təqdim olunub və qəbul edilib;
8. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dəstək verilir. Bu məqsədlə, diaspor təşkilatlarının qeydiyyata alınması prosesi davam edir və artıq 96 təşkilat qeydiyyatdan keçib;
9. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor FM yayıma başlayıb. Həm veb (www.diaspor.fm) üzərindən, həm də mobil tətbiq vasitəsi ilə yayım aparılır;
10. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bioqrafiyalarının toplandığı, davamlı olaraq təkmilləşdirilən bank və baza üzrə ətraflı axtarış sistemi yaradılıb, www.azerbaycan.li internet ünvanı qurulub və davamlı olaraq təkmilləşdirilir; 11. “Azərbaycan alimləri diasporu” informasiya sistemi (http://www.elmidiaspora.az/) yaradılıb və davamlı olaraq zənginləşdirilir. Hazırda sistemdə 500 azərbaycanlı alim haqqında informasiya yerləşdirilib. Ümumiyyətlə xaricdə yaşayan azərbaycanlı alimlərin şəbəkələşməsi istiqamətində ardıcıl işlər görülür. İlkin olaraq, Fransada bu istiqamətdə tədbir keçirilib. Azərbaycanlı alimlərin iştirakı ilə, cəlb edilməsi ilə digər ölkələrdə də müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur;
12. İlk dəfə olaraq, Dövlət Komitəsinin mobil tətbiqi hazırlanıb və iki xidmət aktivdir. Növbəti mobil tətbiqlər üzərində iş aparılır;
13. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi diasporun fəaliyyəti, Azərbaycan tarixi və tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları haqqında üç dildə “TimeLine”lar hazırlayıb diaspor.gov.az saytında və sosial şəbəkələrdə yayımlamağa başlayıb;
14. Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində ardıcıl addımlar atılır;
15. Xaricdə yaşayan soydaşlarımıza çatdırılması məqsədilə müvafiq kitab fondu formalaşdırılıb və davamlı olaraq zənginləşdirilir;
16. Dünyanın aparıcı kitabxanalarının siyahısı hazırlanıb və bu kitabxanalara müvafiq kitabların çatdırılması üçün dəqiqləşdirmələr aparılır;
17. Diasporla İş üzrə Dövlət Komitəsi 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası ilə, 15 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə, 1 iyul 2019-cu il tarixdə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb;
18. Azərbaycan Diasporuna Dəstək Fondunun loqosu və vebsaytı işlənib hazırlanıb. Eyni zamanda, diaspor nümayəndələri və təşkilatların onlayn formada layihələrinin təqdim olunması, monitorinqi, ekspertizası üçün xüsusi sistem yaradılıb;
19. 7 fevral 2019-cu ildə Azərbaycan Diasporuna Dəstək Fondu ilə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
20. Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın sayının dəqiqləşdirilməsi və şəxsiyyəti təsdiq edən sənədlərlə
təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb və soydaşlarımızın elektron qeydiyyatı üçün, müvafiq qurumlarla birlikdə, xüsusi sistem hazırlanıb. İşçi qrupu Türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirib. Artıq, ilkin olaraq bir qrup soydaşımıza müvafiq sənədlərin verilməsi üçün siyahılar təqdim edilib;
21. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə, yalnız 2019-cu ildə İspaniyada, İtaliyada, Polşada, Macarıstanda, Estoniya, Latviya və Litvada Komitənin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb. Ümumilikdə 11 Koordinasiya Şurası təsis edilib və bunlar 29 ölkəni əhatə edir. O cümlədən, Amerika Birləşmiş Ştatları və Türkiyədə Şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılıb və bu işlər “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir;
22. Ukraynada yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması istiqamətində ciddi addımlar atılıb, diaspor təşkilatları arasında uzunmüddət davam edən fikir ayrılıqları və ziddiyyətlər aradan qaldırılıb. Soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətə nail olunması məqsədilə Ukrayna Azərbaycanlılarının Qurultayı keçirilib və Qurultayda Ukrayna Azərbaycanlıları Radası təsis edilib;
23. 2019-cu ildə Fransa (Nant) və İsveçrə (Bern) “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib;
24. Diaspor Gənclərinin “Nəsimi 650” adlı II Yay düşərgəsi 8-14 iyul tarixlərində Şamaxı şəhərində keçirilib. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib;
25. Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlar üzrə Nazirliyi, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi və Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu ilə razılaşma imzalanıb. Digər ölkələrlə də belə əməkdaşlıqların qurulması üzərində işlər aparılır;
26. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstan Respublikasının Vətəndaşlar Fondu və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlıq çərçivəsində 8 fevral 2019-cu ildə Bakı şəhərində Təcrübə mübadiləsi proqramının açılşı olub. 2019-cu ilin 27 mart tarixində Almaniyada, 28 sentyabr 2019-cu ildə Amerika Birləşmiş Ştatlarında türkdilli ölklələrin diasporları üçün I Potensial artırma təlim proqramı təşkil edilib;
27. Millət vəkilləri və diaspor nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib;
28. Türkiyə, Gürcüstan, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya (Həştərxan, Moskva), İsveç, İsveçrə, Amerika Birləşmiş Ştatları, Niderland krallığı, Çin, İspaniya, İtaliya, Latviya, Litva, Polşa, İsrail ölkələrinə səfərlər edilib,
soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində işlərə başlanılıb;
29. Dövlət Komitəsinin dəstəyi ilə Fransada Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” adlı kitabı, Almaniyada yaşayan Azərbaycanın xalq rəssamı Əşrəf Heybətin “Almaniyadan 100 rəsm” adlı albomu nəşr edilib.
30. Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi yaradılaraq soydaşlarımızın istifadəsinə verilib;
31. Heydər Əliyev Fondu adından Gürcüstanda yaşayan soydaşlarımıza bir ədəd təcili-tibbi yardım avtomobili, 30 ədəd əlil arabası və məktəblərə 12 notebook hədiyyə edilib;
32. Gürcüstan vətəndaşı olan soydaşlarımızın Azərbaycan Universitetlərində ödənişsiz təhsil alması üçün müvafiq kvota ayrılıb;
33. Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanır. Artıq xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyi nəşr hüququnun verilməsi üçün Təhsil nazirliyinə təqdim edilib;
34. Azərbaycan Diaspor Könüllüləri” Proqramına başlanılıb və Könüllülərlə iş proqramı hazırlanıb. Proqramda iştirak etmək istəyən 609 gəncin müraciəti qeydiyyata alınıb və müvafiq seçmələrdən sonra könüllülər konkret proqram üzrə təlim və işlərə cəlb edilib;
35. Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının I, II və III nömrəsi 1000 tirajla çapdan çıxıb. Jurnal Türkiyə və Azərbaycanda, eləcə də hər iki ölkənin diasporunun olduğu digər ölkələrdə pulsuz paylanır;
36. Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib, fəaliyyət perspektivləri müzakirə edilib;
37. Dövlət Komitəsinin nümayəndə heyətinin iştirakı ilə Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılaraq, soydaşlarımızın istifadəsinə verilib;
38. Ümumilikdə 2019-cu il ərzində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Xocalı soyqırımı ilə bağlı, milli-mədəni irsimizin təbliği, dilimizin qorunması ilə bağlı 520 tədbir həyata keçirilib;
39. 2019-cu il xaricdə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri ilə də yadda qalan oldu. Ümumilikdə Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilib və bu istiqamətdə işlər davam edir. Almaniyada Azərbaycan evləri həm Berlində, həm də Köln şəhərində fəaliyyət göstərir. Növbəti ildə də daha 8 evin açılması planlaşdırılır.