AMEA-nın vitse-prezidenti: “Oktyabrın 25-dək doktoranturaya qəbul imtahanlarının başa çatdırılması nəzərdə tutulur”

18 Mart 2011 20:17 (UTC+04:00)
Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı" Təhsil Nazirliyi istisna olmaqla, bütün nazirliklərə, baş idarələrə, elmi-tədqiqat institutları olan səhmdar cəmiyyətlərinə göndərilib. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Haşımov məlumat verib. Onun sözlərinə görə, bütün qurumlara müraciət olunub ki, doktoranturaya qəbulla bağlı müvafiq işlərini həyata keçirsinlər.

"Belə ki, təşkilatlar qəbul edəcəkləri insanların mövzularını, müəlliflərini, ideyaların rəhbərlərini təyin etsinlər və onların mövzularını akademiyanın müvafiq bölmələrinə göndərsinlər ki, problem şuralarında bunlar vaxtında qeydiyyatdan keçsin. Bundan başqa, əgər onlar razılaşsalar, avqust ayının sonuna kimi akademiya doktoranturaya qəbul haqqında elanı mərkəzləşmiş qaydada elan edəcək. Qaydalara görə, elandan sonra bir ay müddətində sənədlərin qəbulu həyata keçiriləcək. Bundan sonra isə oktyabrın 25-dək doktoranturaya qəbul imtahanlarının başa çatdırılması nəzərdə tutulur", - deyə o əlavə edib.