İNCİMƏ

23 Dekabr 2019 17:27 (UTC+04:00)

Dünyanı vəfasız gəl sanma qardaş,

Vəfanı, ilqarı, özündə axtar.
Nadanla, namərdlə gəlsən üz-üzə,
Arif ol, xislətin gözündə axtar.

Eşitsə qulağın qəfil bir xəbər,
Çalış düzünə yoz, tərsinə yozma.
Etdiyin günahın əzabını çək,
Bu qoca dünyanın adına yazma.

Nədir bu dünyadan axı istəyin?
Günəşi yerində, Ayı yerində.
İstəsən, nərdivan tap çıx göylərə,
Ulduzu yerində, sayı yerində.

Bəhrəli torpağı, havası, suyu,
Hər gülü - çiçəyi min dərdə dərman.
"Allah kərim"lərlə gəlməyir ruzu,
Asılıb qalsan da sən yaxasından.

Özünü həyatda zəhmətə köklə,
Əməklə ucalar insanın başı.
Çarmıxa gəl çəkmə qoca dünyanı,
Onsuz da ağırdır dünyanın daşı,
Onsuz da ağırdır dünyanın daşı.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq
Mükafatı laureatı