Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayonu 34 saylı Uşaq Musiqi Məktəbində bəstəkar Oqtay Zülfüqarovun anadan olmasını 90 illiyini təntənə ilə qeyd edilib. SİA-nın verdiyi məlumata görə, tədbirin aparıcısı məktəbi müəllimi Sona Səfərova çıxış edərək yubilyarın həyat və yaradıcılığı barədə qısa məlumat verib.
Qeyd edib ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violoncel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan "Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010-2012 illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Tədbirdə 34 saylı Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva, bəstəkarın oğlu Cahangir Zülfüqarov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva, baş məsləhətçi Mehriban Qurbanova, 30 saylı Musiqi Məktəbinin direktoru Yusif Məmmədov, 16 saylı Musiqi Məktəbinin direktoru Fikrət Budaqov, 13 saylı Musiqi Məktəbinin direktoru Tofiq müəllim, 33 saylı Musiqi Məktəbinin direktoru Nəzifə xanım, musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir şagirdlərin ifasında Oqtay Zülfüqarovun mahnılarının təqdimatı ilə davam edib. Şagirdlərdən Zibeydə Əsilbəyli (müəllimi Dilşad Nəcəfova), Aytən Şirinova (Aygün Ələkbərova), Samirə Qasımova (Təranə Mahmudova), Fatimə Quluzadə, Ayan Əliyeva (Səbinə Mustafayeva, Afət Məmmədova), Sevil Məclumova (Şəhla Qnyazova), Şəhla Məmmədli (Aidə Saraclı, konsertmeystr Səbinə Zeynalova) və digərləri bəstəkarın mahnılarını məharətlə ifa ediblər. Konsertin sonunda məktəbin I sinif şagirdi İbrahim Qasımovun ifa etdiyi “Ad günü” mahnısı tamaşaçıların alqışları ilə qarşılanıb.
Sonra bəstəkarın oğlu Cahangir Zülfüqarov çıxış edərək tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib və məktəbin şagird və müəllim heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Bətulə Məmmədəliyeva çıxış edərək Oqtay Zülfüqarov haqqında ürək sözlərini deyib, onun bir bəstəkar kimi Azərbaycan xalqına miras qoyduğu əsərlərindən danışıb.
Tədbirin sonunda 34 saylı Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva bəstəkarın oğlu Cahangir Zülfüqarova məktəb kollektivinin adından hədiyyə bağışlayıb, tədbirdə iştirak edən müəllim və şagirdlərə, qonaqlara təşəkkürünü bildirib.
Məmmədhəsən MƏMMƏDOV